Xəzər Xəbər

Hər daşında bir sirr yatan Laçın - Laçın ikinci həyatına başlayır VİDEO

Veb TV | 20:35 • 1 Dekabr 2021
Hər daşında bir sirr yatan Laçın - Laçın ikinci həyatına başlayır

Bu gün Laçın nisgilimizin sona çatdığı gündür. Düz bir il əvvəl Laçın rayonuna birdəfəlik olaraq əsl sahibləri, yəni biz qayıtdıq. Düşməni "verməyəcəm" dediyi Laçını döyüşsüz, öz əlləri ilə bizə qaytarmağa məcbur etdik. Azərbaycan ordusunun qüdrəti bunda müstəsna rol oynadı. Qubadlı azad olunduqdan sonra düşmən artıq laçını əlində saxlaya bilməyəcəyini anlamışdı. Elə bundan cəmi bir neçə gün sonra düşmən kapitulyasiya aktını imzalamağa məcbur edilərək, 3 rayonu müharibəsiz sahiblərinə qaytardı. 

Bu gün zorla 28 il ayrı qaldığımız Laçın rayonunun erməni işğalından azad olunmasından bir il ötür. Azyaşlılarımızın, qadın və qocalarımızın bəzilərini qətlə yetirən, bəzilərini isə ayaqyalın öz doğma yurdlarından didərgin salan düşmən bir il öncə Laçını kapituliyasiya aktı imzalayaraq bizə təhvil verdi..

Düşməni kapituliyasiya aktını imzalamağa müzəffər Azərbaycan ordusu məcbur etdi. Çünkü oktyabrın 25-də Qubadlının işğaldan azad olunması artıq Laçının qapılarını ordumuz üçün sonuna qədər açdı. 

Kapituliyasiya aktına qədər Laçın uğrunda gərgin döyüşlər gedirdi. Məhz bu döyüşlərdə Azərbaycan ordusunu Laçın istiqamətinə ərazini yaxşı tanıdıqlarına görə, I Qarabağ müharibəsində bu rayonun müdafiəsində iştirak etmiş təcrübəli döyüşçülər aparmışdılar. Bu şəxslərdən biri də 30 illik intiqam hissi ilə yaşayan Laçın rayon sakini Babək Aslanov idi. Müsahibimiz deyir ki, Laçına girmək üçün ilk əməliyyat Qubadlının Muradxanlı kəndindən başladı.

Qısa müddət ərzində strateji yaşayış məntəqələrinə nəzarət ələ keçirildi. İldırım sürəti ilə baş tutan bu əməliyyatlar elə döyüşçülərin özlərini də təəccübləndirirdi. Çünkü budəfəki müharibə birinci Qarabağ döyüşlərindən çox fərqli idi

Aparılan uğurlu döyüş əməliyyatlarından sonra başqa çıxış yolu olmayan düşmən Ağdam və Kəlbəcər ilə yanaşı, Laçını da döyüşsüz qaytarmağa məcbur oldu. Ötən ilin bu günündə Azərbaycanın dilbər guşəsi Laçına əsl sahibləri ayaq basdılar. Bu, həm də rayona həyatın qayıtması demək idi.

İndi Laçının iqtisadi potensialından maksimum istifadə etmək zamanıdır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin eksperti Coşqun Cəfərov deyir ki, rayon faydalı yataqlar və mineral su ehtiyatları ilə zəngindir. Üstəlik, rayonda turizm potensialı və kənd təsərrüfatının bütün sahələrinin inkişafı üçün də əlverişli mühit var.

Qeyd edək ki, Laçın ərazi vahidinə görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları arasında Kəlbəcərdən sonra ikinci yerdədir. Rayon 60 min hektardan artıq meşə sahəsi ilə Şərqi Zəngəzur iqtisadi rayonları arasında 35.5 %-lik payla lider mövqedədir. 

Xəbər lenti