Xəzər Xəbər

Silsilə cinayətlər törədən “fizika müəllimi” və dəstəsi yaxalandı VİDEO

Veb TV | 19:43 • 1 Dekabr 2021
Silsilə cinayətlər törədən “fizika müəllimi” və dəstəsi yaxalandı

Göygöldə silsilə oğurluq etməkdə şübhəli bilinən dəstə yaxalanıb. İlkin istintaq zamanı müəyyən olunub ki, dəstəyə kəndlərdən birində fizika müəllimi işləyən şəxs rəhbərlik edirmiş. Dəstə üzvləri törətdikləri əməlləri etiraf ediblər. Daxili İşlər Nazirliyindən bildirilib ki, onlar ümumilikdə 10 cinayət faktında iştirak edərək vətəndaşlara 170 min manatdan çox zərər vurublar.

Göygöl rayonunda silsilə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanıblar. 

Keçirilmiş əməliyyat nəticəsində rayonun Çaykənd kənd sakini Elnur Hüseynovun başçılıq etdiyi dəstə ifşa edilib. İddia edilir ki, o, həmkəndliləri ilə qabaqcadan əlbir olaraq son 3 il ərzində oğurluq yolu ilə vətəndaşlara külli miqdarda ziyan vurub. Elnur Hüseynovun kəndlərin birində fizika müəllimi işlədiyi üzə çıxıb.

Dəstə üzvləri Çaykənd və yaxınlıqdakı digər yaşayış məntəqələrində mal-qara oğurladıqlarını etiraf ediblər. 

Saxlanan şəxslərdən biri Qalib Məmmədovun sözlərinə görə Elnur Hüseynov iz itirmək üçün hətta ev yandırıb.

Polis əməkdaşları saxlanan Qalib Məmmədovun fərdi evindən istifadəyə yararlı odlu silah və onun komplekt hissələrini aşkar ediblər. Faktla bağlı cinayət işi başlanıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti