Xəzər Xəbər

Evin tək oğul əmisi oğlunu xilas etdi, özü boğuldu VİDEO

Veb TV | 20:06 • 21 İyul 2021
Evin tək oğul əmisi oğlunu xilas etdi, özü boğuldu

Bölgələrdə bu gün də çayda çimərək həyatını itirənlər olub. Biləsuvar rayonunda əmisi oğlunu xilas edən məktəbli boğularaq ölüb. Göyçayda isə 17 yaşlı yeniyetmə Şirvan kanalında boğulub. Novxanı və Ceyranbatan ərazisində də boğulmalar baş verib. 

Əmisi oğlunu xilas etmək istədi amma özü boğularaq öldü.

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib. Belə ki, Bolqarçayda çimən məktəblilərdən biri 10 yaşlı əmisi oğlunu boğulmaqdan xilas edən Biləsuvar şəhər sakini, 2006-cı il təvəllüdlü Məmmədov Fərid Seymur oğlu boğularaq ölüb. 

Məlumata görə,  o, əmisi oğlunun boğulmasını görərək, onu suyun dayaz hissəsinə çıxarmağa nail olsa da, özü yorulduğundan çayda boğulub. Qeyd edək ki, orta məktəbin 9-cu sinfini bitirən Fərid  Məmmədli ailənin tək oğul övladı olub.

Göyçay rayonunda yeniyetmə oğlan faciəli şəkildə ölüb. Hadisə dünən axşam saatlarında rayonun ləkçıplaq kəndi ərazisində qeydə alınıb. 

Yalman kənd sakini, 2004-cü il təvəllüdlü Rüfət Salmanov dostları ilə birgə yuxarı şirvan kanalında çimərkən suda boğulub. Fövqəladə hallar nazirliyinin dalğıc-axtarış qrupunun əməkdaşları hadisə yerinə cəlb olunub.Axtarış işlərinin sonunda 17 yaşlı yeniyetmənin meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. 

Şahidlərin iddiasına görə kanalda batan 2 nəfər olub. digər şəxsin həyatını son anda xilas etmək mümkün olub.

Abşeronda da 11-yaşlı oğlan dənizdə boğulub.

Fövqəladə Hallar Nazirliyinin  "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində dənizdə 11 yaşlı Səid Kərimovun batması barədə məlumat daxil olub.Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən Azyaşlının meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Samur-Abşeron su kanalında bir nəfər batıb...Hadisə Abşeron rayonun Ceyranbatan qəsəbəsi ərazisində baş verib.

23 yaşlı Güləli Nurəlizadənin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Qeyd edək ki, hər 4  faktla bağlı araşdırma başlanılıb.

Xəbər lenti