Xəzər Xəbər

Lənkəranda və Sumqayıtda qətl hadisələri törədilib VİDEO

Veb TV | 19:34 • 24 İyun 2021
Lənkəranda və Sumqayıtda qətl hadisələri törədilib

Lənkəranda meşəlik ərazidə 2 nəfər qətlə yetirilib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə gecə saatlarında Lənkəran rayonu,  Havzava kəndində   baş verib.

 Kənd sakini, 39 yaşlı Seymur Şiriyev meşəlik ərazidə lüləsi kəsilmiş ov tüfəngi ilə əvvəl 34 yaşlı əmisi oğlu Elmar Fərəcovu, sonra isə 29 yaşlı bibisi nəvəsi Alim Mirzəyevi güllələyib.

Qətlə yetirilən qohumların meyitləri müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Lənkəran rayon prokurorluğundan  verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişlərin qohumu Seymur Şiriyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb. Hazırda cinayəti törətmiş şəxsin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Sumqayıtda, Hacı Zeynalabdin qəsəbəsində isə 49 yaşlı Sevinc Abdullayeva qonşusu Ağabəy adlı şəxs tərəfindən 29 bıçaq zərbəsi ilə qətlə yetirilib. İddiaya görə, qətli törədən şəxs dəfələrlə mərhum Sevinc Abdullayevaya qızını  qardaşından uzaq tutmasını tələb etsə də, buna nail ola bilməyib. Gənclər evlənmək üçün münasibət yaradıblar, amma Ağabəy qardaşının Sevinc Abdullayevanın qızı ilə nikaha girməsinə razılıq verməyib. Qonşular arasında yaranan mübahisə qanlı sonluqla nəticələnib.

Sumqayıt şəhər prokurorluğundan verilən məlumata görə, Ağabəy Atabalayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti