Xəzər Xəbər

Xırdalanda avtobus sürücüsü döyüldü VİDEO

Veb TV | 20:26 • 29 Aprel 2021
Xırdalanda avtobus sürücüsü döyüldü

Avtobusda sürücü ilə sərnişin arasında insident yaşanıb. Avtobusa arxa qapıdan minmək istəyən sərnişin qapını açmayan sürücünü döyüb. Həmin anlar avtobusun təhlükəsizlik kamerasına da düşüb. Məsələyə polis və Bakı Nəqliyyat Agentliyi də qarışıb. 

Sürücü sərnişinlərə avtobusa ön qapıdan minməli olduqlarını deyir.

Sərnişinlərdən biri isə arxa qapıdan minmək üçün israr etsə də, sürücü qapını açmır. Buna əsəbləşən sərnişin avtobusa daxil olaraq sürücünü döyür.

İnsident Abşeron rayonu Xırdalan şəhərində 119 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunda baş verib. Həmin anlar avtobusdakı təhlükəsizlik kamerasına da düşüb. 

Avtobusun sürücüsü Əli Rzayev dayanacaqda avtobusu saxlayarkən bir qrup sərnişin arxa qapıdan avtobusa minmək istəyib. Gedişhaqqı kartla olduğundan sürücü onlara avtobusa ön qapıdan minməli olduqlarını deyib.

Bu zaman sərnişinlərdən biri avtobusa minib və sürücü ilə mübahisə edib. Mübahisə zamanı o, sürücü Əli Rzayevə hücum edərək ona yumruqla zərbələr endirib. Hadisə ilə bağlı sürücü dərhal Daxili İşlər Nazirliyinin ''102'' qaynar xəttinə məlumat verib. 

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirdi ki, avtobusda sürücüyə qaşı belə hərəkətin olması narahatlıq doğuran bir məsələdir. Agentlik rəsmisinin sözlərinə görə, sükan arxasında olan sürücü gün boyu yüzlərlə sərnişinin rahat və təhlükəsiz daşınmasını təmin edir.

Artıq sürücünün izahatı Abşeron Rayon Polis İdarəsinin təhqiqatçısı tərəfindən alınıb. İdarədən bildirildi ki, həmin şəxsin saxlanması istiqamətində araşdırma aparılır.

Xəbər lenti