Xəzər Xəbər

Azərbaycan ictimaiyyət nümayəndələri Rusiya səfirliyinə müraciət etdi VİDEO

Veb TV | 21:20 • 24 Aprel 2021
Azərbaycan ictimaiyyət nümayəndələri Rusiya səfirliyinə müraciət etdi

Tanınmış jurnalistlər, televiziya və qəzet rəhbərləri, politoloqlar da daxil olmaqla, ictimaiyyətin bir qrup nümayəndəsi Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət ünvanlayıb. Müraciət Qarabağda əvvəllər mövcud olmuş, Ermənistan tərəfindən yaradılmış qanunsuz işğalçı rejimin başçısı Araik Arutyunyanın Moskvaya "şəxsi səfər"ə getməsi ilə bağlıdır.

Müraciətdə bildirilib ki, bu xəbər Azərbaycan ictimaiyyətində məlum səbəblərdən təəccüb və hiddət doğurub. Əvvəla, Arutyunyanın Moskvaya səfəri sırf şəxsi səfər olsa belə, o, sərhəddən keçmək üçün mənşə ölkə olan Azərbaycan tərəfindən verilmiş hüquqi qüvvəyə malik sənəd təqdim etməlidir. Bəs Arutyunyanın Rusiyaya səfəri zamanı bu qaydaya riayət edilibmi? Müraciətdə o da qeyd olunub ki, hazırda Araik Arutyunyan barəsində Azərbaycanın Baş Prokurorluğu tərəfindən bir sıra, o cümlədən müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdə ittiham üzrə axtarış elan edilib.

Müraciəti imzalayanlardan biri - Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyir ki, Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən Araik Arutyunyan Moskvada təyyarədən enərkən saxlanmalı və həbs edilməli olduğu halda, onunla görüşlər keçirilməsi heç bir məntiqə sığmır.

Zaur Məmmədov deyir ki, Azərbaycan ilə Rusiya arasında hüquqi yardım haqqında sazişlər mövcuddur və bu sənədlər axtarışda olan şəxslərin ekstradisiyasını da nəzərdə tutur.

Müraciətin həmmüəlliflərindən Mətbuat Şurasının sədri Əflatun Amaşov da hesab edir ki, Arutyunyanın Moskvaya səfəri Azərbaycan-Rusiya münasibətlərinin ruhuna açıq-aşkar ziddir. Bu səfər rusiyalı hərbi qulluqçuların Qarabağda həyata keçirdikləri sülhməramlı missiyasına da şübhə oyadır.


İctimaiyyət nümayyəndələri Rusiyanın Azərbaycandakı səfirliyinin tezliklə bu məsələyə aydınlıq gətirəcəyinə və Azərbaycan ictimaiyyətinin suallarına cavab veriləcəyinə ümidvar olduqlarını qeyd ediblər.

Xəbər lenti