Xəzər Xəbər

Adına etibarnamə olmayan şəxs qəza törətdi, məhkəmədə qalib gəldi video

Veb TV | 21:31 • 22 Aprel 2021
Adına etibarnamə olmayan şəxs qəza törətdi, məhkəmədə qalib gəldi

Bakıda bir nəfər adına etibarnamə olmayan avtomobillə qəza törədib. Onun səhvi ucbatından qarşı tərəfə dəyən ziyanı isə sığorta şirkəti ödəyib. Ancaq çox keçməyib ki, sığorta şirkəti ödədiyi məbləği geri tələb edib. İş məhəkəmələrə qədər uzanıb. Nəticədə məhkəmə adına etibarnamə olmadan avtomobil idarə edən şəxsin müdafiəsini təmin edib və o, haqlı tərəf elan olunub.

Xezerxeber.az-ın məlumatına görə, bu hadisə həyat yoldaşının adına olan avtomobili etibarnamə olmadan idarə edən Elçin Zeynalovun başına gəlib.

Sığorta şirkəti baş verən hadisəyə görə qarşı tərəfə ödədiyi sığorta pulunu Elçin Zeynalovdan tələb edib. O isə pulu ödəməyəcəyini deyəndə iş məhkəməyə qədər uzanıb. Sığorta şirkəti tərəfindən məhkəmədə Elçin Zeynalovun avtomobili etibarnamə olmadan idarə etməsi və bu səbəbdən də ödənilən sığorta pulunun ondan geri alınması ilə bağlı iddia qaldırılıb.

Xətai rayon məhkəməsində Elçin Zeynalov sığorta şirkətinə qalib gəlib.

Mövzuya münasibət bildirən ekspert Ərşad Hüseynov deyib ki, eynilə bu cür sığorta hadisələrində indiyə qədər yanlış təcrübə formalaşıb. Yəni əksər vaxtlar sığorta şirkətlərinin bu iddiaları təmin edilirdi və sonrdan ödədikləri pul onlara geri qaytarılırdı.

Ekspert deyir ki, ər-arvadın ortaq mülkiyyətində olan avtomobilin onların biri tərəfindən etibarnaməsiz idarə edilməsi qanun pozuntusu sayılmır. Bu kimi qəza hallarında sığorta şirkətinin vəsaiti tələb etməsi sui-istifadə halıdır. Mülki Məcəllə və Ailə Məcəlləsində qeyd edilir ki, ər-arvadın birgə nikah dövründə əldə etdikləri mülklər ortaq sayılır.

Ərşad Hüseynov belə hallarda vətəndaşlara diqqətli olmağı və haqlarını tələb etməyi tövsiyə edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti