Xəzər Xəbər

Prezident məcburi köçkünlərin geri qaytarılması ilə bağlı TARİXİ AÇIQLADI VİDEO

Veb TV | 21:55 • 13 Aprel 2021
Prezident məcburi köçkünlərin geri qaytarılması ilə bağlı TARİXİ AÇIQLADI

"Dəqiq vaxt demək mənə çətindir, amma bu iş mərhələlərlə aparılacaq. Ümid edirəm, gələn ildən başlayaraq, ilk məcburi köçkünlər artıq öz torpaqlarına qaytarılacaq". Bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda deyib. Vətən müharibəsindən də danışan dövlət başçısı münaqişədən sonrakı vəziyyət və azad edilmiş ərazilərdə görülən işlərə də toxunub.

"Ümid edirəm, gələn ildən başlayaraq ilk məcburi köçkünlər artıq öz torpaqlarına qaytarılacaq"... Bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda deyib. Dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin də iştirak etdiyi konfransda çıxış edən Prezident İlham Əliyev deyib ki, biz məcburi köçkünləri ən qısa müddətdə geri qaytarmaq istəyirik. Onlar uzun müddət bunun üçün gözləyiblər, ancaq ən böyük problem minalardır. Ermənistanda mina xəritələrinin olduğunu bilməyimizə baxmayaraq, onlar mina xəritələrini bizə vermədi.

Vətən Müharibəsindən də danışan Prezident İlham Əliyev Azərbaycanın bu müharibədə fərqli motivasiya ortaya qoyduğunu bildirib.

Prezident İlham Əliyev deyib ki, ermənilərin şəhər və kəndlərimizə nələr etdiklərindən az-çox xəbərimiz vardı. Zaman-zaman videolarda görürdük, həmin ərazilərə gedən beynəlxalq nümayəndələrin verdiyi məlumatları eşidirdik. Lakin azad etdiyimiz ərazilərdəki dağıntıların bizim gözlədiyimizdən də artıq olduğunu gördük. İndi Azərbaycan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərini öz gücünə həyata keçirir. Qarabağ iqtisadiyyatımızda, eləcə də nəqliyyat sektorunda mühüm yerlərdən birini tutacaq. 

Dövlət başçısı Zəngəzur dəhlizi məsələsinə də toxunub və vurğulayıb ki, Türkiyənin razılığı olmadan bu dəhliz açıla bilməz.

Dövlət başçısı deyib ki, biz Zəngəzur dəhlizinə qayıdırıqsa, bu yolu istifadə ediriksə, niyə də İrəvana qayıtmayaq? Zəngəzurun qədim Azərbaycan ərazisi olduğunu vurğulayan Prezident İlham Əliyev oranın 1920-ci ildə, 101 il öncə Ermənistana verildiyini qeyd edib.

Prezident İlham Əliyev bildirib ki, inkişaf üçün Azərbaycan daxilində, eləcə də sərhədlərdən kənarda stabilliyə ehtiyacımız var. Bizim əsas narahatçılığımızdan biri risklərlə bağlıdır və onları minimallaşdırmaq üçün addımlar atacağıq. Əlbəttə ki, Ermənistan tərəfindən revanş cəhdləri riskləri sıfır olmalıdır. Dövlət başçısı müharibə dövründə Pakistanın da ölkəmizi dəstəkləməsinə toxunaraq deyib ki, bu, qardaşlığımızın real göstəricisidir.

Münaqişəyə dair ədalətli mövqeyinə görə İtaliyaya təşəkkür edən Prezident İlham Əliyev deyib ki, bu ölkənin şirkətləri ilə əvvəldən müqavilələr olub. Onlar burada müxtəlif sahələrdə böyük layihələr icra ediblər. Azərbaycan İtaliya şirkətlərinin mövcudluğunu genişləndirmək istəyir.

Prezident İlham Əliyev deyib ki, Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə yaşayan erməniləri öz vətəndaşlarımız hesab edirik. Bu günə qədər göstərdiyimiz humanitar yardımlar və logistik dəstək də bu niyyətimizi göstərir. Şuşadan tapılan "İsgəndər-M" raketinə də toxunan dövlət başçısı bildirib ki, bu məsələ Rusiya prezidenti Vladimir Putinlə müzakirə edilib. 

ATƏT-in Minsk qrupunun fəaliyyətinə də toxunan Prezident İlham Əliyev deyib ki, biz onların regionda dinc həyatın daha da nizamlanması üzrə öz təkliflərini təqdim edəcəyini gözləyirik. Elə sahələr var ki, onlar orada münaqişədən sonrakı vəziyyətə təsir göstərməkdə rol oynaya bilərlər.

 

Xəbər lenti