Xəzər Xəbər

Qanunsuz tikilən evlərlə bağlı problem parlamentdə qaldırıldı VİDEO

Veb TV | 21:00 • 13 Aprel 2021
Qanunsuz tikilən evlərlə bağlı problem parlamentdə qaldırıldı

Qanunsuz tikililər məsələsi həll edilməli və Bakının gecəqonduya bənzəyən əraziləri bu mənzərədən xilas olunmalıdır. Bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Fazil Mustafa deyib. Həmçinin Hesablama Palatasının sədri Vüqar Gülməmmədov millət vəkilləri qarşısında hesabat nitqi ilə çıxış edib. Deputatlar Hesablama Palatasının fəaliyyətində yeniliklərin edilməsini vacib hesab ediblər.

Qanunsuz tikililər məsələsi qısa zamanda həll edilməlidir. Bunu Milli Məclisin bugünkü plenar iclasında cari məsələlərin müzakirəsi zamanı millət vəkili Fazil Mustafa deyib. Deputat qeyd edib ki, qanunsuz tikililər həm insanların yaşayışına ciddi çətinliklər yaradır və eyni zamanda paytaxtın mənzərəsini kobud şəkildə pozur. Millət vəkili qanunsuz tikililər məsələsinin həllində cəmiyyətin fikrinin birmənalı olduğunu vurğulayıb.

Daha sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov illik hesabat nitqi ilə çıxış edib. Palata sədri aparılan yoxlamaların nə qədər maliyyə vəsaitini əhatə etdiyini və nöqsanların sayını açıqlayıb.

Vüqar Gülməmmədov onu da bildirib ki, pandemiya ilə bağlı xərclərin də monitorinqinə başlanıb. Bundan əlavə, səhiyyədə satınalmalar da Hesablama Palatası tərəfindən araşdırılır. 

Milllət vəkili Razi Nurullayev palatanın hesabatına fikir bildirərkən maliyyə nəzarəti tədbirlərinin dövlət büdcəsinin həcmi ilə müqayisədə nəzərəçarpacaq dərəcədə az olduğunu bildirib.

Millət vəkili Etibar Əliyev isə bildirib ki, hər dəfə Hesablama Palatası irad bildirən qurumlar neqativ hallarla bağlı heç bir tədbir görmürlər.

Müzakirələrdən sonra Hesablama Palatasının illik hesabatı səsə qoyularaq qəbul edilib. İclasda bir sıra qanunlara isə dəyişikliklər ikinci oxunuşda qəbul edilib.

 

 

 

 

Xəbər lenti