Xəzər Xəbər

Kür çayının səviyyəsi enib, 4 nasos dayanıb - Neftçala sakinləri çətinlik çəkir video

Veb TV | 19:55 • 9 Aprel 2021
Kür çayının səviyyəsi enib, 4 nasos dayanıb - Neftçala sakinləri çətinlik çəkir

Neftçalada dəniz suyu Kürə qarışır, şor su hər gün çayın axınına əks istiqamətdə irəliləyir.

 Xezerxeber.az-ın məlumatına görə, ötən ilin iyun ayında baş vermiş hadisə bu günlərdə yenidən təkrarlanır.

Artıq şor su Salyan rayonu istiqamətinə doğru 39 kilometr irəliləyib. Bu da Kür çayının suyundan istifadə edən Neftçala sakinləri üçün problemə çevrilib.

Sakinlər deyirlər ki, təsərrüfatların və mal-qaranın suvarılmasında ciddi çətinliklər yaranıb.

Hazırda əsasən Banka qəsəbəsi və Kür çayının sahil boyu 13 kəndində vəziyyət daha kritikdir. Bu ərazilər çaya yaxın olduğundan illərdir suya olan ehtiyaclarını Kürün hesabına təmin ediblər.

Neftçala Sukanal idarəsinin rəisi Nizami Manafov bildirib ki, əhalinin içməli su ilə təmin edilməsi üçün avtomobillər ayrılır. Hər gün yaşayış məntəqələrində quraşdırılan modul qurğulara və çənlərə 180 ton su daşınır.

Kür çayının şorlaşması təsərrüfatlarda da ciddi problemlərə yol açıb. Kür çayında suyun səviyyəsinin düşməsi və suyun şorlaşması 4 ədəd nasosun tam dayanmasına, 6-sının isə qismən işləməsinə səbəb olub.

Xatırladaq ki, Kür çayında anoloji vəziyyət ötən il də baş vermişdi. Mütəxəssislərin sözlərinə görə, bu vəziyyət həm təbii amillərdən, həm də Kür boyu qeyri-qanuni yaradılan balıq vətəgələrinin sayının ilbəil artması ucbatından yaranır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar