Xəzər Xəbər

7 bloklu binada yaşayanlar narahatdır - Üfunət iyindən yaşaya bilmirik VİDEO

Veb TV | 21:07 • 4 Aprel 2021
7 bloklu binada yaşayanlar narahatdır - Üfunət iyindən yaşaya bilmirik

Xətai rayonu Məhəmməd Hadi küçəsinin bəzi sakinləri 4 aydan çoxdur ki, üfunət iyi ilə yaşamağa məcburdular. Çünki, bir binanın zirzəmisinə axıdılan su ciddi problemə çevrilib. Həm pis qoxu, həm də suya toplaşan ağcaqanadlar binanın 1 ci mərtəbəsindən 9 cu mərtəbəsinə qədər hər bir evdə var. Sakinlər suyun altında qalan binanın özülünün aşınmasından və binanın uçmasından narahatdırlar.

7 bloklu binada yaşayan 144 ailə  aylardır ki, üfunət iyini ciyərlərinə çəkir, hər gün artan çirkab suyunu dayandırmağa  çarə axtarırlar.

Məhəmməd Hadi küçəsi 159-173 ünvanında yaşayan sakinlərin binasının zirzəmisi 4 aydan çoxdur ki belədir. Zirzəmiyə axan sular bəzən binanın həyətinə qədər qalxır. Adi vaxtda isə ağcaqanad yığılan bu gölməçinin iyi 144 mənzilin hərbirinin evinin içindədir. Sakinlər yaranan mənzərəyə səbəbin kanalizasiya borularının partlaması olduğunu deyirlər.

Yaşayış bloklarının hər birinin zirzəmisi su ilə doludur. Binanın özülünün suyun altında qalması isə təhlükəni daha da artırmış olur. Sakinlər binanın çökməsindən narahatdırlar. Buna görə də bütün qurumlara müraciət ediblər.

Məsələylə bağlı Azərsu Açıq Səhmdar Cəmiyyətindən bildirildi ki, Xətai rayon sukanal idarəsi əraziyə baxış keçirəcək. Binanın kanalizasiya və içməli su xəttləri yoxlanılacaq. Axıntı varsa qarşısı alınacaq. Əgər problemin kanalizasiya xəttlərindən deyil, qrunt suları səbəbindən baş verdiyi müəyyən edilərsə, aidiyyatı qurumlara məsələnin həlli üçün məlumat veriləcək.

 

Xəbər lenti