Xəzər Xəbər

Stadiondan 33 min manatlıq kabel oğurlandı VİDEO

“Xəzər Lənkəran”ın stadionundan 33500 manatlıq oğurluq edildi
Veb TV | 19:07 • 29 Mart 2021
Stadiondan 33 min manatlıq kabel oğurlandı

Lənkəranda stadiondan 33 min  500 manatlıq bahalı kabelləri oğurlayan şəxs saxlanıb. Göygöldə və Samuxda  da oğurluq edən şəxslər tutulub.  Siyəzəndə də oğurluq faktının üstü açılıb.

Lənkəran Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki stadiondan dəyəri 33 500 manat olan kabelləri oğurlamaqda şübhəli bilinən rayonun Sütəmurdov  kənd sakini, əvvəllər məhkum olunmuş Aqşin Şərifli saxlanıb.

Şəxsi axtarış zamanı ondan 2 qrama yaxın narkotik vasitə heroin aşkarlanıb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun müxtəlif vaxtlarda əlavə olaraq 2 evdən, 3 həyətdən, 1 təmir sexindən və qəbristanlıqdan  metal borular, velosiped, su nasosları, təmir alətləri və digər əşyalar oğurlaması da müəyyən edilib. 

Göygöl Polis Şöbəsinin  əməkdaşlarının keçirdikləri  əməliyyat-axtarış tədbirləri nəticəsində də rayon ərazisində fərdi yaşayış evlərindən birinə qeyri-qanuni yolla daxil olaraq oradan bir ədəd televizoru oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Mehran Hüseynov saxlanıb.

Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun digər oğurluqları etdiyi də aşkar edilib. Belə ki, o, tanışı, Gəncə şəhər sakini Elmir İsamyılovla birlikdə Göygöl rayonuna gələrək avtomobillərdən musiqi avadanlıqları oğurlayıb, sonra həmin əşyaları satıblar. 

Samuxda da oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanıb. Aparılan araşdırmalarla müəyyən edilib ki, rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Elşən Bayramov rayonun Sərkar kəndində yerləşən, əvvəllər işlədiyi, kənd təsərrüfatı məhsullarının saxlanılması üçün nəzərədə tutulan anbara qeyri-qanuni yolla daxil olaraq oradan  dəyəri 3000 manat olan, müxtəlif elektrik avadanlıqlarını oğurlayıb.

Siyəzəndə də oğurluq edən şəxslər tutulub. Rayon Polis Şöbəsinə  daş karxanalarının birindən və fəaliyyəti müvəqqəti olaraq dayandırılmış bir neçə restorandan müxtəlif vaxtlarda bir ədəd qaynaq aparatının, 4 ədəd elektrik mühərrikinin, müxtəlif ölçüdə elektrik naqillərinin, təmir-tikinti alətlərinin, obyektlərə məxsus plastik və dəmir qapıların, nəfəsliklərin və digər əşyaların oğurlanması barədə müraciət daxil olub. Oğurluq hadisələrini törətməkdə şübhəli bilinən üç Bakı şəhər sakini - Emin Şöyübov, Təvəkkül Nuriyev və İlkin İbrahimov saxlanıblar. Onlar oğurladıqları əşyaları  icarəyə götürdükləri nəqliyyat vasitələrinə yükləyərək Bakı şəhərinə aparıb və satıblar.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024