Xəzər Xəbər

Səhiyyə Nazirliyi vaksinasiya ilə bağlı vətəndaşlara müraciət etdi VİDEO

Səbinə Babazadə: Vaksin vurduranların ciddi şikayəti ilə qarşılaşmamışıq
Veb TV | 20:59 • 4 Mart 2021
Səhiyyə Nazirliyi vaksinasiya ilə bağlı vətəndaşlara müraciət etdi

Sosial şəbəkələrdə koronavirusa qarşı peyvənd olunduqdan sonra bəzi vətəndaşlarda müəyyən problemlərin yaranması ilə bağlı  yayılan xəbərlər insanlarda müəyyən narahatlıq və çaşqınlığa  səbəb olub. Məsələyə Səhiyyə Nazirliyinin rəsmisi münasibət bildirib. Onun sözlərinə görə, vətəndaşlar arasında ajiotaj yaradan bu fikirlər tam əsassızdır və həqiqəti əks etdirmir. Çünki bu günə kimi koronavirusa qarşı  peyvənd olunan şəxslər arasında hər hansı ciddi bir vəziyyət və ya şikayət olmayıb. 

"Koronavirusa qarşı peyvənd olunan şəxs komaya düşdü və ya halı pisləşdi". Son günlər sosial şəbəkələrdə peyvəndləmənin əks göstərişlərinin olması ilə bağlı bu cür paylaşımlar edilir və bu da insanlar arasında narahatlıq və çaşqınlığa səbəb olur. 

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi COVID-19-la mübarizə işçi qrupunun üzvü Səbinə Babazadə XəzərXəbər-ə bildirdi ki, səslənən bütün fikirlər əsassızdır. 

Nazirlik rəsmisinin sözlərinə görə, koronavirusa qarşı peyvənd olunan şəxsdə müəyyən yan təsirlər ola bilər ki, bu da təbiidir. Çünki sözügedən əlamətlər təkcə COVİD-19 vaksini yox, bütün peyvəndləmələrdən sonra müşahidə olunur. 

Səbinə Babazadə peyvəndin infeksion xəstəliklərə qarşı ən effektiv müdafiə üsulu olduğunu və bu səbəbdən vətəndaşların vaksindən imtina etməməli olduqlarını bildirdi. Çünki vaksin insanları ağırlaşma və ölüm hallarından qoruyur. Qurum rəsmisi bu həssas dönəmdə vətəndaşları etibarlı mənbələrə - rəsmi qurum və nümayəndələrin fikirlərinə istinad etməyə çağırdı. 

Xəbər lenti