Xəzər Xəbər

Bakıda küçəyə atılmış uşaq tapılıb video

Veb TV | 21:52 • 3 Mart 2021
Bakıda küçəyə atılmış uşaq tapılıb

İndi onun anasının qucağına sığınıb nəvazişini çəkdirən vaxtıdır. Amma anasının yox, bizim qucağımıza sığınır.

Çünki bu balaca məsum mələyin nazını çəkmək əvəzinə onu küçəyə atıblar. Balaca Nərgiz doğma anası tərəfindən atıldığını deyir.

Balaca mələyin məsum gözlərində sevgisizliyin obrazı canlanır. Nərgizlə söhbətimiz zamanı ona dəfələrlə ata-anası haqqında suallar verib məlumat almaq istəsək də, çox suallarımız cavabsız qaldı. Amma ona hər dəfə "səni anaya verək" dedikdə israrla "yox" dedi.

İstəmirəm desə də, balaca ürəyində gəzdirdiyi ana sevgisini də gizlədə bilmir.

Nərgiz anasına qarşı olan aqressiv münasibətini atasına qarşı o qədər də göstərmir. Atasının işdə olduğunu və onun üçün darıxdığını, onu sevdiyini deyir.

Balaca Nərgiz dünən Xətai Rayon Polis İdarəsi tərəfindən elə həmin rayon ərazisində tapılıb və Azərbaycan Uşaqlar Birliyinin sığınacağına təhvil verilib. Sığınacağın rəhbəri Kəmalə Ağazadənin sözlərinə görə, uşaq gələn zaman çox baxımsız vəziyyətdə olub. İndi isə uşaqla reabilitasiyaya başlanıb.

Apardığımız araşdırmalar nəticəsində uşağın valideynlərini tapdıq. Nərgizin atası Ramin Xanlarov dedi ki, qızı yoldaşı ilə gəzməyə çıxan zaman itib. O, həyat yoldaşının psixoloji problemləri olduğunu qeyd edib.

Qeyd edək ki, cütlüyün 3 uşağı var və onların sənədlərinin hazırlanaraq sığınacağa təhvil verilməsi istiqamətində işlərə başlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti