Xəzər Xəbər

Bakıda qida təhlükəsizliyi müzakirə edildi - VİDEO

Veb TV | 20:50 • 3 May 2019
Bakıda qida təhlükəsizliyi müzakirə edildi -

Yeni doğulan və ölkəyə gətirilən bütün heyvanların identifikasiyası aparılacaq. Məqsəd heyvan mənşəli xəstəliklərin yayılmasını minimuma endirməkdir.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə "Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı"nın təqdimatına həsr olunmuş "dəyirmi masa"da Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli məlumat verib. O deyib ki, heyvan xəstəliklərinin aradan qaldırılmasında identifikasiya kodu mühüm rol oynayacaq.

Tədbirdə qeyd olunub ki, dövlət proqramının qəbul olunmasında məqsəd qida təhlükəsizliyi sahəsində norma və standartları beynəlxalq tələblərə uyğunlaşdırmaq, əhalinin təhlükəsiz və keyfiyyətli qida ilə təminatını yaxşılaşdırmaqdır.

Kənd Təsərrüfatı naziri İnam Kərimov Dövlət Proqramında rəhbərlik etdiyi qurumun qarşısında qoyulan məqsədlərdən danışıb.

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev isə qida təhlükəsizliyi sahəsində bəzi boşluqların olduğunu deyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib ki, proqramın icrası məşğulluğa da böyük təsir göstərəcək. Çünki bu sahədə dünya standartları tətbiq olunacaq və əmək resurslarından düzgün istifadə ediləcək. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və digər çıxış edənlər isə qeyd ediblər ki, ixrac stimullaşacaq və məhsulların keyfiyyəti yüksəldiyi üçün ixracın həcmi daha da artacaq. Həmçinin, ixrac məhsullarından imtina hallarına da son qoyulacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti