Xəzər Xəbər

Azərbaycanda ikinci pullu yolun 7 kilometri hazırdır - VİDEO

Veb TV | 20:34 • 25 Yanvar 2019
Azərbaycanda ikinci pullu yolun 7 kilometri hazırdır -

Bu il paytaxtın Xəzər, Yasamal və Xətai rayonlarında 9 yol layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.

Bu barədə "Xəzər Xəbər"ə Avtomobil Yolları Dövlət Agentliyinin yolların istismarı və təmiri idarəsinin rəis müavini Hidayət Rüstəmov məlumat verib.

Onun sözlərinə görə, bu layihələrdən biri Şəfayət Mehdiyev küçəsinin 800 metr hissəsinin genişləndirilməsidir. İl ərzində metronun "Həzi Aslanov" stansiyası ilə Nobel prospektinə çıxışı təmin edən yolun da istifadəyə verilməsi planlaşdırılır.

Bakı-Rusiya avtomagistralının tikintisi ilə bağlı da məlumat verən Hidayət Rüstəmov yolun ilk 7 kilometrlik hissəsinin tikintisinin artıq başa çatdığını bildirib. Onun sözlərinə görə, yolda sürət həddi yüksək olacağından bir səviyyədə kəsişmə nəzərdə tutulmayıb və bütün kəsişmələr tunel, körpü və yol ötürücüləri hesabına müxtəlif səviyyələrdə olacaq. Bundan başqa, ətraf kənd və qəsəbələrdə heyvandarlıqla məşğul olan sakinlərin rahatlığı üçün yeraltı keçidlərin tikintisi də nəzərdə tutulub. Yüksək infrastruktur göstəricilərə malik olacaq yolun ödənişli olması planlaşdırılır.

Hidayət Rüstəmov, yaxın gələcəkdə avtomagistrallarda daha 32 nöqtədə müasir elektron tərəzilərin quraşdırılacağını da deyib. Onun sözlərinə görə, məqsəd yükdaşıma ilə məşğul olan avtomobillərin artıq yüklənməsinin qarşısını almaqdır. Çünki hazırda 4 yerdə istifadə olunan bu tərəzilər gələn nəqliyyat vasitəsinin 1 km-dən yükünü ölçür və tərəzi məntəqəsinə xəbər verir.

Qurum rəsmisi tikintidən sonra bəzi ərazilərdə yolun çökməsi və ya deformasiyaya uğraması məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, bütün mühəndislik-kommunikasiya xətləri yolun altında yerləşdiyindən orda yaranan kiçik bir qəza belə torpaq qatının yumşalmasına və çökməsinə kifayət edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti