Xəzər Xəbər

Bakıda AĞIR QƏZA: 5 nəfər öldü - VİDEO

Veb TV | 20:48 • 6 Dekabr 2017
Bakıda AĞIR QƏZA:

Gecə Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində ikisi uşaq olmaqla, 5 nəfər ölüb. Faciəvi qəza Qaradağ rayonunda baş verib. Sumqayıtda da ölümlə nəticələnən qəza olub.

Minik və yük avtomobillərinin toqquşması 5 nəfərin ölümünə səbəb olub.

Ağır yol-nəqliyyat hadisəsi gecə paytaxtın Qaradağ rayonunda - Xocəsən-Lökbatan yolunda baş verib. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri və yol polisləri dərhal hadisə yerinə cəlb olunub. Əməliyyat nəticəsində minik avtomobilinin sürücüsü Sakit Hüseynov və sərnişinlər -Telnaz Hüseynova, Samirə Hüseynova və Selcan Hüseynovanın meyitləri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Başqa bir məlumata görə isə, qəza nəticəsində, 2-si azyaşlı qız olmaqla, 5 nəfər ölüb. Qəzada beşinci ölən altı aylıq Cənnət Hüseynova olub. Qohumların Ağcabədidən yas mərasimindən qayıtdıqları bildirilir.

İlkin məlumata görə, qəzaya səbəb yüksək sürət olub. Qaradağ rayon Polis İdarəsindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Sumqayıtda da ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Sülh küçəsində qeydə alınıb. Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən Məhəmməd Behbudovun idarə etdiyi mikroavtobus yolu keçmək istəyən şəhər sakinləri - 48 yaşlı Arzuyə Abdullayeva və 29 yaşlı Nuşabə Rzayevanı vuraraq öldürüb. Hadisə yerinə Sumqayıt şəhər polis idarəsinin əməkdaşları cəlb olunub. Qəzanı törədən sürücü saxlanılıb, avtomobil cərimə meydançasına aparılıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti