Müdafiə nazirinin birinci müavini -
Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin
Sadıkov sentyabrın 7-də Azərbaycanda səfərdə olan NATO-nun Hərbi
Komitəsinin sədri general Petr Pavelin rəhbərlik etdiyi nümayəndə heyəti
ilə görüşüb.
MN-dən XəzərXəbər-ə verilən məlumata görə, N. Sadıkov Şimali Atlantika Alyansı ilə hərbi əlaqələrin uğurla inkişaf etdiyini qeyd edərək Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlıq, o cümlədən Silahlı Qüvvələrimizin
müxtəlif proqramlar çərçivəsində fəaliyyəti, Əfqanıstanda həyata
keçirilən "Qətiyyətli dəstək” qeyri-döyüş missiyasına verilən töhfə
haqqında ətraflı danışıb.
N.Sadıkov Azərbaycanla NATO arasında səmərəli və etibarlı münasibətlərin qurulmasında ümummilli lider Heydər Əliyevin və dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xidmətlərini xüsusi qeyd edib.
Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik N.Sadıkov Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb. NATO-nun
ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dair mövqeyini yüksək
qiymətləndirən Baş Qərargah rəisi Alyansın bundan sonra da bu
istiqamətdə səylərinin davam edəcəyinə əminliyini ifadə edib.
Öz növbəsində, NATO-nun Hərbi Komitəsinin sədri general P.Pavel Azərbaycanın
Alyansın etibarlı tərəfdaşı olduğunu xüsusi qeyd edərək, ölkəmizin
terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yük
daşımalarına önəmli töhfə verdiyini, sülhməramlılarımızın Əfqanıstanda
keçirilən əməliyyatlarda göstərdikləri peşəkarlığı yüksək
qiymətləndirib.
Azərbaycana səfər etməsindən məmnun olduğunu bildirən qonaq Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə ikitərəfli görüşün məhz Bakıda keçirilməsi üçün göstərilən səylərə və yüksək qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.