Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev aprelin 28-də Sumqayıtda SOCAR-ın karbamid
zavodunda tikinti işlərinin gedişi ilə tanış olub.
XəzərXəbər xəbər verir ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, karbamid
zavodunun direktoru Xəyal Cəfərov və "Samsung Engineering” şirkəti
tərəfdən layihənin rəhbəri Hansu Kim dövlətimizin başçısına görülən
işlərlə bağlı məlumat verdilər. Qeyd edək ki, karbamid zavodu layihəsi
Prezident İlham Əliyevin 2008-ci ilin avqustunda imzaladığı Sərəncamla
təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin
ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na və
2014-cü ilin dekabrında imzaladığı Sərəncamla təsdiq edilmiş "Azərbaycan
Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün
Dövlət Proqramı”na əsasən icra edilir.
Bu zavodun təməli 2011-ci ilin dekabrında dövlətimizin başçısı
tərəfindən qoyulub. Karbamid zavodunun tikintisi ilə əlaqədar 2011-ci
ildə beynəlxalq açıq tender elan edilib və tenderin nəticələrinə əsasən
2012-ci ildə Koreya Respublikasının "Samsung Engineering Co. Ltd.”
şirkəti mühəndislik, satınalma və tikinti üzrə podratçı seçilib.
Layihənin ammonyak və karbamid istehsalı üzrə lisenziyaları qismində
müvafiq olaraq Danimarkanın və Niderlandın şirkətləri çıxış edir.
Həmçinin layihənin idarə edilməsi və müstəqil təftiş xidmətlərinin
həyata keçirilməsi məqsədilə 2015-ci ildə beynəlxalq açıq tender
vasitəsilə seçilmiş Finlandiya şirkəti ilə müvafiq müqavilə imzalanıb.
Dövlətimizin başçısına Sumqayıt sənaye zonasının perspektiv inkişafı ilə
əlaqədar qaz təchizatı sisteminin yaradılması haqqında da məlumat
verildi. Sonra Prezident İlham Əliyev ayrı-ayrı inşaat sahələrini gəzdi,
görülən işlərlə yaxından tanış oldu. Zavodun tikintisinin bu ilin
sonunda yekunlaşması nəzərdə tutulur. Ümumilikdə müəssisənin istismara
verilməsi isə gələn ilə planlaşdırılır. Ümumi ərazisi 40 hektara yaxın
olan zavod ammonyak, karbamid istehsalı və karbamidin qranulyasiyası
sahələrindən ibarət olacaq. Azot gübrələrinin istehsalı üçün əsas xammal
qismində təbii qazdan istifadə ediləcək. İstehsal üçün illik qaz
sərfiyyatının gündəlik 1,32 milyon kubmetr, ümumilikdə isə 435 milyon
kubmetr olması gözlənilir. Zavod gündəlik 1200 ton ammonyak və 2000 ton
karbamid istehsal edəcək.
Layihənin icra edilməsi iqtisadiyyatın əsas sektorlarından biri olan
kənd təsərrüfatına böyük dəstək verəcək. Zavodda il ərzində təxminən
650-660 min ton karbamid istehsal ediləcək ki, bu da daxili tələbatı tam
ödəyəcək. Bununla yanaşı, məhsulun dəmir yolu ilə Türkiyə, habelə Qara
Dəniz limanları vasitəsilə dünya bazarlarına ixracı nəzərdə tutulur.
Layihənin "Samsung Engineering” şirkətinin iş həcminə daxil olan
hissəsinin təxminən 95 faizi icra edilib. Əsaslı layihələndirmə,
mühəndislik və satınalma işləri 100 faiz tamamlanıb, tikinti işlərinin
isə təxminən 82 faizi icra edilib. Zavodun qaz, elektrik enerjisi,
texniki və içməli su təchizatı, kanalizasiya sistemi, həmçinin
telekommunikasiya xətlərinin quraşdırılması, inzibati və digər
binaların, o cümlədən emalatxana və anbarların inşası, dəmir yolu və
avtomobil yollarının tikintisi üzrə də işlər gedir. Layihənin icrasında
təxminən 3200 nəfər çalışır ki, onların da 3100-ü Azərbaycan
vətəndaşıdır. Zavod işə düşəndən sonra burada 350-400 nəfərin daimi işlə
təmin edilməsi planlaşdırılır. Layihənin ümumi dəyəri təxminən 750
milyon avro təşkil edir.
Belə müəssisənin yaradılması, ilk növbədə, Azərbaycan iqtisadiyyatını
daha da möhkəmləndirir, ölkəmizin ixrac qabiliyyətini artırır,
qeyri-neft sektorunun inkişafına təkan verir. Bundan başqa, bu cür
layihələrin icrası həm də yeni iş yerlərinin yaradılması baxımından
mühüm əhəmiyyətə malikdir. Zavodda tikinti işlərinin gedişi ilə tanış
olan dövlətimizin başçısı kollektivə uğurlar arzuladı.