Xəzər Xəbər

Azərbaycanlı gənc strartapçı yeni tətbiq yaradıb

Texnologiya | 11:38 • 22 Noyabr 2018
Azərbaycanlı gənc strartapçı yeni tətbiq yaradıb

Gənc startapçı Samir Həbiblinin 23 yaşı var. Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakültəsini bitirib. Hazırda rəqəmsal həllər üzrə mütəxəssis kimi fəaliyyət göstərir. O, uzun illərdir startap sahəsində fərqli layihələr üzərində işləyir. Belə layihələrdən biri də "Sletti” adlanır.


"Sletti” ilə sinxron tərcümələr daha interaktiv, yaddaqalan və maraqlı olacaq


Layihə iki istiqamətdə - "Tədbirlər üçün tərcümə” və "Fərdi tərcümə” funksionallığını özündə cəmləşdirir. Bu barədə danışan Samir Həbibli deyir ki, "Sletti” tədbirlərin sinxron tərcümə sistemini tamamilə dəyişdirən və istifadəçilərə fərdi tərcüməçilər təklif edən mobil sistemdir. Bu tətbiq nəticəsində təşkilatçıların bahalı tərcümə avadanlıqları kirayələməyə və ya satın almağa ehtiyac qalmayacaq. Habelə iştirakçılar əlavə avadanlıqlara ehtiyac olmadan tərcümə xidmətindən rəqəmsal olaraq yararlana biləcək. Bu mobil tətbiqdə bütün tərcümə prosesi yer alır, tərcümə olunmuş səsi yadda saxlamaq, önəmli məqamları işarələmək, tərcümə zamanı şərh yazmaq və tərcüməçini qiymətləndirmək imkanları mövcuddur. Bir sözlə, bir tətbiq nəticəsində sinxron tərcümələr daha interaktiv, yaddaqalan və maraqlı olacaq.


İdeya necə yarandı?


Əslən Azərbaycanın İmişli rayonundan olan həmsöhbətim qeyd edir ki, bütün ideyalar şəxsi ehtiyacdan və mövcud problemin həllini tapmaq istəyindən əmələ gəlib: "Sletti” layihəsini iştirak etdiyim beynəlxalq bir konfransda düşündüm. Hansı ki, orada sinxron tərcümə avadanlıqları quraşdırılmışdı. İştirakçıların qulaqlıq və qurğu ilə təmin olunmasına baxmayaraq, işləyən sistemin modern dövrün tələblərindən çox geri qalması və səmərəli olmaması mənə bu ideyanı startap halına salmaq üçün stimul verdi”. 

Onun sözlərinə görə, ideyanı startap layihəsi halına gətirmək olduqca çətin prosesdir. Layihənin adlandırılmasından strukturunun qurulmasınadək olan proses üçün qabaqcadan çoxlu araşdırmalar etmək lazımdır. Layihə qlobal bazar üçün düşünülmüş ideya olarsa, bu proses daha da çətinləşir. Buna görə də layihənin araşdırma mərhələsinə xeyli vaxt sərf olunub.


"Sletti” İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun qrant müsabiqəsinin qalibi olub


Samir Həbibli bildirir ki, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən bu il cəmi 5 layihə qrant mükafatına layiq görülüb. Onlardan biri də "Sletti” layihəsidir: "Fond tərəfindən mənim layihəmə 15 min manat qrant ayrılıb. Dövlət Fondunun bu cür layihələrə ayırdığı qrant onların gələcəkdə daha da inkişaf etdirilməsinə yardımçı olur. Bu vəsait ilə layihə rəhbərləri öz layihələrinin prototipini hazırlayır, onu daha təkmil vəziyyətə salırlar. Mənim layihəm Fonda təqdim olunarkən 10-15 səhifədən ibarət biznes plan şəkilində və sadəcə yazı formasında idi. Hazırda ilkin prototip üzərində işlənilir. Bundan sonra isə daha geniş investisiyalar almaq üçün yaxşı şərait və ilkin məhsulumuz olacaq”.


Gənc startapçı: Ümidvaram ki, layihə bundan sonrakı mərhələdə investorların da marağını cəlb edəcək


"Bu layihə qlobal bazarda sinxron tərcümə avadanlıqları üzrə özünə yer tuta və böyük gəlir gətirə bilər. Lakin startap biznesləri o qədər sürətlə dəyişib böyüyür ki, rəqiblər qarşısında dayana bilmək olduqca çətindir. Ümidvaram ki, layihə investorların da marağını cəlb edəcək və qlobal texnologiya bazarında öz yerini tutacaq”, - deyə gənc startapçı bildirib. (AZƏRTAC)

Xəbər lenti