Xəzər Xəbər

“Samsung” Avstriya şirkətinə 75 milyon avro sərmayə yatıracaq

Texnologiya | 10:11 • 15 Sentyabr 2017
“Samsung” Avstriya şirkətinə 75 milyon avro sərmayə yatıracaq

Dünyanın nəhəng mobil telefon istehsalçısı "Samsung” şirkəti Avstriyanın "TTTech” texnologiya şirkətinə 75 milyon avro sərmayə yatıracağını elan edib.


AZƏRTAC Avstriya mətbuatına istinadla xəbər verir ki, hər iki şirkət sürücüsüz avtomobil sənayesində birgə layihələr üzərində işləyəcəklər. Bu məqsədlə "Samsung Electronics” şirkətinin strategiya üzrə rəhbəri Yanq Son Vyanaya səfər edəcək və strateji tərəfdaşlığını rəsmən elan edəcək.


Uzun illərdən bəri avtomobil sənayesində çalışan "TTTech” bir sıra istehsalçılar üçün innovativ texnoloji yeniliklər təqdim edib. Beynəlxalq səviyyədə innovativ texnologiyalar və iri sənaye müəssisələri üçün şəbəkə sistemləri üzrə ixtisaslaşmış bu şirkət sürücüsüz avtomobillər, kosmik gəmilər və təyyarələrdə etibarlı kompüter həllərinin təminatçısı kimi tanınır.


Ötən il akustik sistemlər istehsalçısı "Harman International Industries” şirkətini 8 milyard ABŞ dolları müqabilində aldığını bildirən "Samsung” şirkəti növbəti sərmayə yatırımı ilə gələcəkdə avtomobil sənayesi bazarına ciddi maraq göstərəcəyini nümayiş etdirir.

Xəbər lenti