Xəzər Xəbər

Oxçuçayla bağlı sənədlər Baş Prokurorluğa təqdim edilib FOTO

Region | 15:03 • 8 Dekabr 2022
Oxçuçayla bağlı sənədlər Baş Prokurorluğa təqdim edilib

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.

Xezerxeber.az xəbər verir ki, iclasda işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri və Azərbaycan Respublikası Prezidentinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə xüsusi nümayəndəliklərinin üzvləri iştirak edib. 

İştirakçılara ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə işğaldan azad edilmiş rayonlarda həyata keçirilən monitorinqlər barədə məlumat verilib, müzakirələr aparılıb. İclasda qrup üzvlərinə həmçinin, Oxçuçayın transsərhəd çirklənməsinin qarşısının alınması, ekosistemin bərpası, suyun keyfiyyətinin yaxşılaşdırılması üçün elmi cəhətdən əsaslandırılmış tədbirlərin müəyyənləşdirilməsi və müvafiq təkliflərin hazırlanması üçün aparılmış biomonitorinqlər haqqında məlumat verilib.

Oxçuçayın suyunun çirklənmə səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə ötən həftə aparılmış monitorinqlər zamanı suyun rəngində ciddi dəyişikliklər və kəskin qoxu müşahidə olunub. Çayın Ermənistanla sərhədinə yaxın monitorinq nöqtəsindən götürülmüş su nümunələrinin təhlilindən məlum olub ki, suyun tərkibində dəmir, manqan, molibden, ammonium və sulfatların qatılığı daha da artıb. Transsərhəd çaylarda, o cümlədən Zəngilan rayonu Şayıflı kəndində Oxçuçayda quraşdırılmış yeni nəsil avtomat hidroloji stansiyalardan ötürülən məlumatların təhlili də çirklənmənin artdığını təsdiq edib.

Oxçuçayın ağır metallarla çirklənməsi il boyu müşahidə olunur. Son monitorinq zamanı çayın rənginin və qoxusunun dəyişməsinə səbəb Oxçuçayda ammonium və sulfat ionlarının miqdarının kəskin artması idi. Belə ki, Oxçuçayda ammoniumun miqdarı 4-5 dəfə, sulfatın miqdarı bir neçə dəfə normadan yüksək müşahidə edilib. Bu da həmin kimyəvi maddələrdən dağ-mədən sənayesində geniş istifadə olunması ilə əlaqədardır.

Oxçuçayın Qərbi Zəngəzur ərazisindən davamlı çirkləndirilməsi nəticəsində çay və onun ekosisteminin ekoloji böhranı və kritik vəziyyəti barədə məlumatlandırma və çirklənmənin qarşısının alınması çağırışları ilə beynəlxalq təşkilatlara müraciətlər edilib. Həmçinin, Oxçuçayın əsas çirklənmə mənbələrindən biri kimi Ermənistan ərazisindəki “Qacaran mis molibden” kombinatının səhmdarı olan Almaniyanın “Cronimet” Holdinq şirkətinə ünvanlanmış müraciət və çağırışlara baxmayaraq, heç bir əməli tədbir görülməyib və çayın çirklənməsi bu gün də davam edir.

Məsələnin ciddiliyini nəzərə alaraq, mütəmadi aparılmış ekoloji monitorinqlər üzrə toplanmış sübutedici sənədlər hüquqi qiymətin verilməsi və müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilib.

Qeyd edək ki, İşçi Qrup fəaliyyətini İdarələrarası Mərkəzin digər işçi qrupları və xüsusi nümayəndəliklərlə sıx əlaqə və məlumat mübadiləsi formatında həyata keçirir.

Xəbər lenti

Çox oxunanlar