Xəzər Xəbər

Üç rayonda ağacların kəsilməsinə görə cinayət işləri başlanıb

Region | 16:47 • 8 Dekabr 2022
Üç rayonda ağacların kəsilməsinə görə cinayət işləri başlanıb

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində İsmayıllı, Ağcabədi və Lerik rayonları ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla İsmayıllı rayonu Tircan kəndində, Ağcabədi şəhəri ərazisində yerləşən “Üzeyir Hacıbəyli təsərrüfatı” adlanan ərazidə dövlət mülkiyyətində olan pay torpağında meşə fonduna daxil olmayan, Regional Meşə Təsərrüfatı Mərkəzinin Lerik rayonu ərazisində meşə fonduna daxil olan ümumilikdə 341 ədəd ağac və kolun kəsilməsi, habelə təbii fəlakət nəticəsində aşmış 32 ədəd müxtəlif cinsli ağacların gizli olaraq talanması nəticəsində təbiətə 42 min manatdan çox ziyanın dəyməsi müəyyən edilib.
Qeyd edilən faktlara görə Cinayət Məcəlləsinin 177.1 (oğurluq), 259.1 (qanunsuz ağac kəsmə) və 259.2.4-cü (qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

Xəbər lenti