Xəzər Xəbər

Bərdə-Ağdam dəmir yolu xətti minalardan təmizlənir

Region | 13:45 • 13 Mart 2021
Bərdə-Ağdam dəmir yolu xətti minalardan təmizlənir

Azərbaycan Minatəmizləmə Agentliyi Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsini davam etdirir. 

Xezerxeber.az xəbər verir ki, Minatəmizləmə Agentliyinin qərargah rəisi İdris İsmayılov görülən işlərlə bağlı səfər edənlərə məlumat verib.

İ. İsmayılov bildirib ki, Agentlik tərəfindən 1 aydan artıq vaxt ərzində minatəmizləmə əməliyyatlarına başlayıb: “Hazırda Bərdə-Ağdam dəmiryolu xəttindəyik. Uzunluğu 25 km, eni isə 40 metrdir. Bu günə kimi 2 km-ə yaxın, 37400 kv. metr ərazi yoxlanılıb. Aparılmış əməliyyat axtarış tədbirləri zamanı 35 ədəd tank əleyhinə mina, 41 ədəd piyada əleyhinə mina və 2 ədəd partlamamış hərbi sursat aşkar edilərək götürülüb. Əməliyyat axtarış tədbirlərimiz hazırda da davam edir. Bu günə kimi ərazidən 2 xətt boyunca piyada əleyhinə mina, 1 xətt boyunca tank əleyhinə mina aşkar edilib. Ərazi partlamamış hərbi sursatlar və minalarla çirklənmiş ərazidir. Əvvəlki təmas xəttidir. Bu gün də aparılan əməliyyat zamanı 3 ədəd piyada əleyhinə, 1 ədəd tank əleyhinə mina aşkar edilib. Həmin tapıntıların ərazidə partlayış yolu ilə zərərsizləşdirilməsi həyata keçiriləcək”.

Xəbər lenti