"Azərbaycan Dəmir Yolları" QSC sərnişinlərin istəklərini nəzərə alaraq İsveçrənin "Stadler Real Group" şirkətindən daha iki ədəd ikimərtəbəli elektrik qatar alıb.
Xezerxeber.az-ın məlumatına görə, bunu qatarların təqdimetmə mərasimində "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova deyib.
O deyib ki, qatarın biri Bakı-Sumqayıt istiqamətində, digəri isə Bakı-Pirşağı istiqamətində hərəkət edəcək.
Yeni qatarlar 371 oturacaqla təmin olunub. Onlardan 9-u birinci sinif, 62-si biznes, 300-ü isə standart yerlərdir.
Natavan Bayramova deyib ki, 2020-ci ildə Bakı-Tbilisi-Qars istiqamətində sərnişindaşıma üçün İsveçrənin "Stadler” şirkətinə məxsus daha 10 vaqon Bakıya gətiriləcək.
Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" "Stadler" şirkətindən Bakı-Tbilisi-Qars dəmir yolunda sərnişin daşımaları üçün 20 vaqon alıb və onlardan 10-u artıq Bakıdadır.