Xəzər Xəbər

Sahibkarlara verilən kreditlərin məbləği 2 milyard manatı ötüb

İqtisadiyyat | 12:30 • 30 Yanvar 2019
Sahibkarlara verilən kreditlərin məbləği 2 milyard manatı ötüb

Son 15 ildə güzəştli şərtlərlə sahibkarlara verilən kreditlərin məbləği 2 milyard manatı ötüb.


Xezerxeber.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunan konfransda deyib.


"Biz 15 il ərzində biznes mühitinin yaxşılaşdırılması ilə bağlı böyük addımlar atdıq. Sahibkarlığın inkişafına böyük dəstək verdik. Təkcə güzəştli şərtlərlə sahibkarlara verilən kreditlərin məbləği 2 milyard manatı ötüb. Sevindirici hal ondan ibarətdir ki, dövlət büdcəsindən bu məbləğin cəmi bir milyard manatı ayrılmışdır. Qalan bir milyard manatdan çox vəsait verilmiş və qaytarılmış kreditlər hesabına yenidən kredit şəklində verilib. Beləliklə, biz kifayət qədər böyük maliyyə resursu yaratmışıq. Bu, bizə imkan verir ki, dövlət büdcəsinin yükünü azaldaq və gələcəkdə güzəştli şərtlərlə sahibkarlara maliyyə dəstəyi göstərək", - deyə dövlətimizin başçısı qeyd edib.


Sənayeləşmə prosesinin uğurla getdiyini deyən Prezident İlham Əliyev bildirib: "Son vaxtlar sənaye parklarının fəaliyyətə başlaması geniş vüsət almışdır. İndi bu proses bir neçə şəhərdə gedir və sənaye parklarında bizim 67 rezidentimiz var. Onlardan 40-ı artıq fəaliyyətdədir”.


Ölkə başçısı deyib: "Aqroparkların yaradılması çox müsbət hal kimi qiymətləndirilə bilər. Proqramda 51 aqroparkın yaradılması nəzərdə tutulub. Onlardan 17-si fəaliyyətdədir. Qalan aqroparkların işə düşməsi nəticəsində həm bölgələrdə yeni iş yerləri yaradılacaq, həm də kənd təsərrüfatı məhsullarımızın istehsalı və ixracı daha da artacaq".

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024