Balakən rayonunda
yerləşən Köhnəmədən sahəsinin Filizçay yatağında yaradılmış geoloji
düşərgədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "AzerGold” Qapalı
Səhmdar Cəmiyyəti arasında görüş keçirilib.
"AzerGold”un mətbuat xidmətindən verilən məlumata görə, görüş çərçivəsində nəinki Azərbaycan, hətta Avropa
üçün böyük strateji əhəmiyyətə malik Filizçay polimetal yatağı üzrə
həyata keçirilmiş ilkin tədqiqatlar müzakirə edilib, burada aparılan
geoloji kəşfiyyat, buruq-qazma işləri və laborator tədqiqatlar haqqında
nazir Muxtar Babayevə geniş məlumat verilib. QSC tərəfindən qeyd edilib
ki, ilkin hesablamalara əsasən, yatağın 23 illik istismarı və mis,
gümüş, sink və qurğuşun kimi metalların hasil edilməsi nəticəsində ölkə
iqtisadiyyatına 6 milyard manata yaxın vəsaitin daxil olması gözlənilir.
"AzerGold”
QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib ki, Filizçay
yatağının ilkin iqtisadi qiymətləndirmə sənədi nüfuzlu beynəlxalq
məsləhətçi şirkət olan "SRK Consulting” tərəfindən cari ilin sonuna
qədər hazır ediləcək, ərazidə əlavə buruq-qazma işləri, metallurji
testlər, mühəndisi-geoloji və hidroloji kəşfiyyat işlərinin
aparılmasından sonra texniki-iqtisadi əsaslandırma sənədinin
hazırlanmasına başlanılacaq. Z.İbrahimov qeyd edib ki, bu sənədin
hazırlanması nəticəsində məlumatlar dəqiqləşdirildikdə əldə olunacaq
gəlir məbləğinin artması ehtimalı böyükdür.
Görüşün davamında nazir Muxtar Babayev Filizçay yatağının Zaqatala
Dövlət Təbiət Qoruğunun yaxınlığında yerləşdiyini qeyd edərək, yataqda
aparılacaq bütün işlərdə ətraf mühitə təsirin minimuma endirilməsinə
diqqət yetirilməsinin vacibliyini vurğulayıb. "AzerGold” QSC tərəfindən
bildirilib ki, yatağın istismar öncəsi əhəmiyyətli tədqiqat işlərindən
biri də Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin hazırlanması
olacaq.
Görüşdə, həmçinin ölkənin bütün nəcib və əlvan metal
mədənləri üzrə geoloji məlumatların elektron formata salınması
(rəqəmsallaşdırılması), dağ-mədən sahəsində milli qanunverciliyin
təkmilləşdirilməsi və bu sahədə işlərin koordinasiyalı şəkildə görülməsi
müzakirə edilib.