Xəzər Xəbər

Bakı Limanı ötən il 4,4 milyon ton yük aşırıb

İqtisadiyyat | 11:22 • 15 Yanvar 2018
Bakı Limanı ötən il 4,4 milyon ton yük aşırıb

2017-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə daşınan yüklərin həcmi 4,4 milyon ton təşkil edib.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanından xezerxeber.az-a bildirilib ki, ümumi yükdaşımanın (neft terminalı xaric) həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 31 faiz artıb və yük mübadiləsinin 85,7 faizi tranzit yükdaşımaların payına düşüb.

2017-ci ildə nəzərəçarpacaq artım dəmiryolu və sərnişin daşınmasında, həmçinin təkərli texnikanın, xüsusən də irihəcmli nəqliyyat vasitələrinin (TIR) aşırılmasında qeydə alınıb. Belə ki, Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanının Bərə terminalında vaqon aşırılması 26,4 faiz artaraq 46 min 679 ədədə çatıb. Vaqonların 19 min 493 (41,8 faiz) Bakı-Türkmənbaşı-Bakı istiqamətində, 6124 vaqon (13,1 faiz) Bakı-Aktau-Bakı istiqamətində, 21 min 62 vaqon (45,1 faiz) isə 2017-ci ilin mart ayında istifadəyə verilmiş Kurık limanı (Bakı-Kurık-Bakı) istiqamətində hərəkət edib. Hər iki istiqamətdə (Türkmənistan və Qazaxıstan) keçən sərnişindaşıma isə 41,4 faiz artaraq 33 min 129 nəfər təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə Bakı Limanının xidmətlərindən istifadə edən nəqliyyat vasitələrinin sayı 21,4 faiz artaraq 28 min 584 ədəd olub. Bunlardan 18 min 840 ədədi (65,9 faiz) Bakı-Türkmənbaşı-Bakı istiqamətində, 9716 ədədi (34 faiz) Bakı-Aktau-Bakı istiqamətində, 28 ədədi (0,1 faiz) isə Bakı-Kurık-Bakı istiqamətində hərəkət edib.

Konteyner aşırılmasına gəldikdə isə 2017-ci ildə bu say 20 futluq konteyner (TEU) ekvivalentində 15 min 337 ədəd təşkil edib. Bunlardan 8447 TEU (55 faiz) Qazaxıstan limanları, 6890 TEU (45 faiz) isə Türkmənbaşı limanının payına düşüb. Ümumi yükaşırmada 67,8 faiz və ya 10 min 397 TEU yeni Bakı Limanın Bərə terminalı, 32,2 faiz və ya 4940 TEU isə Bakı şəhərinin mərkəzində yerləşən Əsas yük terminalı vasitəsi ilə daşınıb.

Əsas yük terminalında aşırılan bütün yüklərin həcmi 2017-ci ildə keçən ilin müvafiq dövrü ilə müqayisədə 44,6 faiz artaraq 607,7 min ton olub. Bu yüklərin böyük hissəsi tranzit konteynerlərin və digər quru yüklərin payına düşüb.

Qeyd edə ki, 2018-ci il yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanının Ro-Ro terminalının açılışı həyata keçirilib. Ən müasir texniki tələblərə uyğun tikilən terminal 2 körpüdən ibarət olmaqla ildə 60 min TIR və ya 1,8 milyon ton yük qəbul etmək imkanına malikdir. Yeni Bakı Limanının inşasının ikinci fazasının bitməsi ilə yükaşırma potensialı 25 milyon ton yük, o cümlədən 500 min TEU olacaq.

Xəbər lenti