Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 24 oktyabrda yeni hərrac keçiriləcək.
Komitədən
XəzərXəbər-ə verilən məlumata görə, hərraca ümumilikdə 156 dövlət əmlakı çıxarılıb.
Bunlardan 25-i səhmdar cəmiyyəti, 64-ü kiçik dövlət müəssisə və obyekti,
67-si istifadəsiz qeyri-yaşayış sahəsidir. Hərraca çıxarılan əmlaklar
haqqında ətraflı məlumatı bu linkdən əldə etmək mümkündür.
Qeyd edək ki, hərrac barədə informasiyalar komitənin rəsmi internet səhifəsi, Özəlləşdirmə portalı (privatization.az) və facebook
səhifəsində yerləşdirilib. Mütəmadi yenilənən bu internet resursları
vasitəsilə həm hərraca çıxarılan, həm də baş tutmuş hərraclarda satılmış
əmlaklar haqqında məlumat almaq mümkündür. Sifarişçi portal vasitəsilə
hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə
fotoşəkillər və mətn məlumatları ilə tanış ola bilər.
Hərracda əmlak sahibi olmaq istəyən vətəndaşlar ilk növbədə komitənin
elektron xidmətlər portalı vasitəsi ilə sifariş verir, daha sonra
əmlakın satış qiymətinin 10%-i məbləğində behi ödəməklə hərracda
iştirakçı statusu qazanılır. Qeyd edilməlidir ki, sifarişlər hərracın
keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti
torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm
də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə
hərraca çıxarılan əmlaklar Bakı, Şəmkir, Tovuz, İmişli, Cəlilabad, Göygöl, Naftalan və digər rayonlarında yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında Bakının Suraxanı rayonunda olan 42 saylı mağaza, Tovuzda yerləşən "Şəfəq” kinoteatrı, Təsərrüfat hesablı Göygöl Aqrar Sənaye Kombinatı kimi iri dövlət əmlakları var.
Hərraca çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək ilkin satış qiyməti Bakının Suraxanı
rayonunda olan 42 saylı mağazadır. 400 min manata təklif olunan
müəssisənin torpaq sahəsi 2 min kvadratmetrə yaxındır. Bundan başqa
paytaxtın Qaradağ rayonunda yerləşən 22 saylı avtodayanacaq 216 min
manata, Sumqayıtda olan "Laçın” restoranı 205 min manata hərraca çıxarılıb.
Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək
əmlaklar sırasında Gəncədə yerləşən "Sünbül” kafesini nümunə kimi
göstərmək olar. Həmin obyekt investorlar üçün iaşə sahəsində yaxşı
qazanc deməkdir.
Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış
sahələrindən 61-i paytaxtda, qalanları isə Sumqayıt, Mingəçevir
şəhərində, Şirvan, Sabirabad
rayonlarında yerləşir. Ən yüksək ilkin satış qiyməti paytaxtın Səbail
rayonunda yerləşən qeyri-yaşayış sahəsinə təklif olunub. Belə ki, bu
əmlak 58 min 500 manat start qiyməti ilə hərraca çıxarılıb. Həmin
əmlakın ümumi faydalı sahəsi 80 kvadratmetrə yaxındır. Özəlləşdirilməyə
açıq elan edilən belə əmlakların sahəsi 11 kvadratmetr ilə 213
kvadratmetr arasında dəyişir.
Qeyd edək ki, daha az investisiya tələb edən əmlaklar da hərraca çıxarılıb. Bunlardan Bakının
Nəsimi rayonunda yerləşən sahəsi 11 kvadratmetr olan qeyri-yaşayış
sahəsini nümunə kimi göstərmək mümkündür. Həmin əmlakın ilkin start
qiyməti 2 min manat təşkil edir. Həmçinin paytaxtın Səbail rayonunda
yerləşən sahəsi 11,2 kvadratmetr, ilkin start qiyməti 3 min manat təşkil
edən qeyri-yaşayış sahəsini də bu kateqoriyaya aid etmək olar.
Hərracda özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti,
sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə
iri müəssisələr sırasında "Salyan broyler”, "Qax Taxıl”, "Zərdab Aqrotexservis”, "Bərəkət”, "Ağdaş Quşçuluq”, "Yevlax Yük Avtonəqliyyat”, "Cəlilabad Məişət” kimi səhmdar cəmiyyətlər var.