Trans-Anadolu qaz boru kəmərinin (TANAP) dəniz hissəsinin tikintisinə başlanılıb.
XəzərXəbər AzərTAc-a
istinadən xəbər verir ki, TANAP-ın Dardanel boğazından keçəcək 36
düymlük 19 kilometr uzunluğundakı dəniz hissəsinin tikintisinə start
verilib. Boruları dənizin dibinə endirmək üçün xüsusi təchiz olunmuş
gəmi artıq işlərə başlayıb.
TANAP-ın baş direktoru Saltuk Düzyol
demişdi ki, avqustun əvvəlinə qoşa boru kəmərinin tikintisi layihə üzrə
qrafikə uyğun davam edir. Asiya və Avropa
qitələrində sahilboyu yerləşən tikinti meydançalarının və ofislərin
inşası artıq başa çatıb. Həmçinin quruda boru kəməri üzrə marşrut xətti
müəyyən olunub. Bundan başqa, Asiya və Avropa qitələrində sahilboyu xəndəklər qazılıb, dənizin 8-25 metr dərinliyində kanalın qazılması artıq yekunlaşıb.
Xatırladaq ki, TANAP Avropa
İttifaqı üçün prioritet enerji layihələrindən biri olan "Cənub Qaz
Dəhlizi”nin seqmentini təşkil edir. TANAP üzrə avqustun əvvəlinə Faza-0,
yəni 2018-ci ilin iyununda Türkiyəyə ilk təbii qazın verilməsi üçün
görüləcək işlər çərçivəsində 1364 kilometr, Faza-1, yəni 2019-cu ilin
sonunda Türkiyədən keçməklə Avropaya
təbii qazın verilməsi üçün isə 440 uzunluğunda xəndək qazılıb. TANAP-ın
tikintisi çərçivəsində ümumilikdə 1804 kilometr uzunluğunda xəndək
qazılıb. Faza-0 üzrə 1346 kilometr, Faza-1 çərçivəsində isə 347 boru
marşrut xətti boyunca düzülüb. Bundan başqa, Faza-0 çərçivəsində 1342
kilometr, Faza-1 üzrə isə 283 uzunluğunda borunun qaynağı tamamlanıb.
Ümumilikdə TANAP-ın əsas xətti üzrə 1694 kilometr boru marşrut boyunca
düzülüb, 1626 kilometr boru qaynaqlanıb.
TANAP ilə Azərbaycan
təbii qazının Türkiyəyə çatdırılması üçün işlərin 87,8 faizi görülüb.
2018-ci il iyun ayının sonuna qədər Faza-0 çərçivəsində işlərin
tamamlanması, "Botaş” şirkəti vasitəsilə Türkiyəyə Azərbaycan
təbii qazın verilməsi planlaşdırılır. Faza-1 üzrə nəzərdə tutulan
işlərin isə 59,6 faizi tamamlanıb. Ümumilikdə TANAP layihəsi
çərçivəsində bütün işlərin təxminən 80 faizi icra olunub.
Kəmərin
tikintisində hazırda 9 min 500-dən çox işçi sahələrdə çalışır. Əlavə
işlər və podratçılar da daxil olmaqla boru kəmərinin inşasına 10 min 357
nəfər cəlb olunub. TANAP-ın quru hissəsinin inşası çərçivəsində 4 ölçmə
və 3 kompressor stansiyasının tikintisi qrafikə uyğun davam etdirilir.
Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və qardaş ölkədən də Avropaya nəql edəcək TANAP "Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan digər layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz
Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə
birləşəcək. Uzunluğu 1850 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan
hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur.
Layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur.
Boru
kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli
hissəsinin uzunluğu 1334 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi
boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 450 kilometrdir.
Bundan başqa, TANAP 2x36 düym diametrli 19 kilometr uzunluğunda sualtı
hissədən də ibarətdir. TANAP-ın tikintisi üzrə ilk mərhələ sona
çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Boru
kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan
bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var. Layihənin
ümumi dəyərinin isə 9,2 milyard dollar olacağı hesablanır. Layihənin
ümumi büdcəsi üzrə indiyədək 3,2 milyard dollara qənaət edilib.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: "Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, "Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.