Xəzər Xəbər

Rafael Ağayev Karate 1 Premyer Liqa turnirinin finalına vəsiqə qazanıb

İdman | 12:22 • 15 Sentyabr 2018
Rafael Ağayev Karate 1 Premyer Liqa turnirinin finalına vəsiqə qazanıb

Almaniyada Dünya Karate Federasiyasının (WKF) Karate 1 Premyer Liqa seriyasından mərhələ yarışlarının Berlin turnirində Azərbaycan karateçisi Rafael Ağayev finala vəsiqə qazanıb.


Dəfələrlə dünya və Avropa çempionu olan R.Ağayev play-off mərhələsində Rodriqo İbanez (İspaniya), Alton Braun (Yamayka), Ken Nişimura (Yaponiya) və Noa Biçini (Almaniya) məğlub edib. R.Ağayevin sentyabrın 16-da keçiriləcək finalda rəqibi daha bir yaponiyalı idmançı Yusey Sakiyama olacaq.


Milli komandanın digər üzvü Firdovsi Fərzəliyev isə sentyabrın 16-da Qazaxıstan təmsilçisi Kisar Alpisbayla bürünc medal uğrunda həlledici görüşə çıxacaq. Dörd rəqibindən üçünə qalib gələn İlahə Qasımova (55 kq) medalçılar sırasına yaxın olsa da, nəticə uğursuz alınıb.


Bu gün nüfuzlu turnirin ikinci yarış günündə Ayxan Mamayev, Turqut Həsənov, Pənah Abdullayev (84 kq), Şahin Atamov, Asiman Qurbanlı və Əli Cəfərov (84 kq-dan yuxarı), Roman Heydərov (kata), həmçinin Fəridə Abiyeva (61 kq) və İrina Zaretska (68 kq) mübarizəyə qatılacaqlar.

Xəbər lenti

Çox oxunanlar