Şosse velosipedi üzrə
yeniyetmə və gənclərdən ibarət yığma komandalarımız mayın 5-6-da
Türkiyənin Ordu şəhərində təşkil olunan bu ölkənin çempionatında uğurla
çıxış ediblər. Azərbaycan Velosiped İdmanı Federasiyasından XəzərXəbər-ə verilən məlumata görə, baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında
qardaş ölkədə 9 oğlan və 1 qız velosipedçimiz mübarizə aparıb.
Yeniyetmə
qızların 15 km məsafəyə kriterium ötüşməsində yeganə qız idmançımız
Viktoriya Sidorenko fərqlənib – o, bütün rəqiblərini qabaqlamaqla fəxri
kürsün ən yüksək pilləsinə qalxıb. Qeyd edək ki, idmançımız ilk yarış
günündə 40 km məsafəyə qrup ötüşməsində finişi 2-ci keçmişdi.
Heyəti
Nəcəf Bağırov, Xankişi İsgəndərov, Qadir Mustafayev, Şahin Eyvazov, Əli
Qurbanov və Mahmud Məmmədovdan ibarət olan gənclər yığmamız isə qrup və
kriterium ötüşmələrinin yekunu olaraq komanda hesabında 3-cü olub və
bürünc medala layiq görülüb.