Xəzər Xəbər

Birlikdə istirahətə yollandılar, evli olduğunu öyrəndi: İtkin düşən qadının sevgilisi niyə həbs olundu?

Hadisə | 2,536 | 17:04 • 11 Avqust 2022
Birlikdə istirahətə yollandılar, evli olduğunu öyrəndi: İtkin düşən qadının sevgilisi niyə həbs olundu?

Bakıda bir müddət əvvəl itkin düşən və ailəsi tərəfindən axtarışa verilən qadının sevgilisi həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları iyul ayında yoxa çıxan və axtarışına başlanılan D.İsmayılovanın (şərti soyadlı) telefon zənglərini araşdırıblar. Araşdırma zamanı onun 1984-cü il təvəllüdlü F.Abbasəliyevlə (şərti soyadlı) gizli sevgi münasibətinin olması üzə çıxıb. Polis əməkdaşları daha sonra həmin şəxsin axtarışına başlayıblar. Bir neçə dəfə zəng edərək onu 27-ci Polis Bölməsinə dəvət ediblər. Lakin həmin şəxs bölməyə gedərək izahat yazmaqdan imtina edib.

Bir neçə gün əvvəl isə polislər gecə saatlarında F.Abbasəliyevin yaşadığı evə gedərək onu bölməyə gətirmək istəsələr də, müqavimət göstərərək polislərlə getməyəcəyini bildirib.

Bundan sonra o saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polisin qanuni tələbinə qəsdən əməl etməmə) maddəsi ilə protokol tərtib edilərək Yasamal Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə F.Abbasəliyev D.İsmayılova ilə münasibətini kəsdiyini, bu səbəbdən də polisin onu bölməyə aparmasını anlamadığını bildirib:

“Özümü inzibati xəta ilə bağlı qismən təqsirli bilirəm, sərxoş olduğum üçün müəyyən hərəkətlər etmişəm. Eyni zamanda bildirim ki, itkin düşməsi ilə əlaqədar axtarılan şəxs D.İsmayılova ilə telefon vasitəsilə tanış olmuşdum. D.İsmayılova mənimlə birgə Göygöl rayonunda bir neçə gün qaldı. Sonradan onun ailəli olduğunu öyrəndiyim üçün ayrıldım və Bakı şəhərinə yola saldım. Hazırda D.İsmayılovaya görə polis bölməsinə dəvət edilməyimi düzgün hesab etmirəm”.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə F.Abbasəliyevə 15 sutka həbs cəzası verilib.

Xəbər lenti

Parisdə bazar yanır FOTO
19:22 • 25 Sentyabr 2022