Daxili işlər orqanlarının
əməkdaşları tərəfindən ölkədə informasiya-kommunikasiya sistemlərinin
mühafizəsinin, fasiləsizliyinin, eyni zamanda kibertəhlükəsizliyinin
təmin olunması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirib.
Bu haqda
XəzərXəbər-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, cari ilin sentyabr ayı ərzində müxtəlif vaxtlarda Sumqayıt
telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə
kabelinin kəsilərək oğurlanması və nəticədə dövlətə külli miqdarda ziyan
vurulması barədə Sumqayıt Şəhər Polis İdarəsinə (ŞPİ) məlumat daxil
olub.
Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri təxirəsalınmaz
əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə
şübhəli bilinən şəhər sakinləri Nicat Muxtarov, Ümidvar Adıgözəlov,
Aqşin Mehdiyev və əvvəllər məhkum olunmuş Nurlan Paşayev tutulub.
Qeyd edək ki, hadisədən sonra dəstə üzvləri kabelləri A.Mehdiyevin
avtomobilinə qoyaraq dəniz kənarında yandırıblar və mis halında Sumqayıt
şəhərində yerləşən əlvan metal qəbulu məntəqələrinə satıblar.
Sumqayıt ŞPİ əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat
tədbirinin davamı olaraq dəstə üzvlərindən oğurluq yolla əldə edilən
misi dəfələrlə edilən xəbərdarlıqla baxmayaq müvafiq qeydiyyat aparmadan
alan metal qəbulu məntəqəsinin sahibi Zaur İlyasov və onun işçisi Zaur
Eyyubov da saxlanılaraq məsuliyyətə cəlb olunublar.
Faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin
müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq
hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Sonda Daxili İşlər Nazirliyi əlvan metalların qəbulunu həyata keçirən
məntəqə sahiblərinə bir daha xəbərdarlıq edərək bildirir ki, oğurluq
yolla əldə olunan əlvan metalların qəbulunu həyata keçirməkdən imtina
etsinlər, bu hallarla rastlaşdıqda isə dərhal ərazi polis orqanlarına və
ya DİN-in "102” Zəng Mərkəzinə məlumat versinlər. Əks halda həmin qəbul
məntəqələri sahibləri barəsində də qanuna uyğun tədbirlər görüləcək.
Qeyd edək ki, həbs edilən Nicat Muxtarov "Sumqayıt” futbol klubunun oyunçusudur.