Xəzər Xəbər

Tarif Şurası benzin və dizelin qiyməti ilə bağlı QƏRAR VERDİ

Gündəm | 27,537 | 18:11 • 26 İyul 2022
Tarif Şurası benzin və dizelin qiyməti ilə bağlı QƏRAR VERDİ

Tarif (qiymət) Şurasının 26 iyul 2022-ci il tarixində keçirilən növbəti iclasında aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Bununla bağlı Şuradan XəzərXəbər-ə məlumat verilib.

Məlumatda bildirilib:

"Şuranın iclasında, benzin və dizel üzrə təchizat tariflərinin müəyyən olunmasına dair SOCAR-ın müraciətinə baxılıb. Qeyd edək ki, aparılan tarif dəyişikliyi benzinin və dizelin pərakəndə satış qiymətlərinə təsir göstərməyəcək və həmin məhsulların mövcud pərakəndə satış qiyməti dəyişmir.

Məlumat üçün bildirək ki, Şuranın indiyədək qüvvədə olan qərarına əsasən, neft məhsulunun topdansatış tarifi (təchizat tarifi də daxil olmaqla) pərakəndə satış yerinədək daşınması ilə bağlı bütün xərclər daxil edilməklə tətbiq edilirdi. Təchizat tarifi isə özündə həm topdansatış məntəqələri üzrə saxlanılma və nəql xərclərini, həm də pərakəndə satış məntəqələrinə çatdırılma xərclərini birlikdə ehtiva etdiyi üçün subyektlər arasında xidmətin yerinə yetirilmə növündən asılı olaraq mübahisəli halların yaranmasına, maliyyə intizamının pozulmasına səbəb olurdu.

Məsələ ilə bağlı ötən müddət ərzində müvafiq təhlil işləri aparılmış və bu cür halların aradan qaldırılması məqsədilə benzin və dizel üzrə pərakəndə satış tarifi mövcud 1,0 manat/litr və 0,80 manat/litr səviyyəsində əvvəlki kimi saxlanılmaqla tarif zəncirində dəyişiklik edilərək topdasatış və pərakəndə satış üzrə təchizat tariflərinin ayrılıqda müəyyən olunması məqsədəuyğun hesab olunmuşdur. Belə ki, benzin və dizel üzrə mövcud 18 manat/ton topdansatış təchizat tarifi 20 manat/ton, yanacaqdoldurma məntəqələrinin mövcud 100 manat/ton marjası 108 manat/ton müəyyən edilmiş, həmçinin həmin məhsulların borular vasitəsilə nəqli tarifi 3 manat/ton səviyyəsində müəyyənləşdirilmişdir.

Ölkə ərazisində vahid tarif siyasətinin həyata keçirilməsi məqsədilə neft məhsullarının Naxçıvan Muxtar Respublikasına çatdırılmasına topdansatış təchizat tarifindən artıq çəkilən xərclərin qarşılanması məqsədi ilə subsidiyanın ayrılmasına dair Maliyyə və İqtisadiyyat nazirliklərinin hökumətə təqdim etdiyi təkliflərinin razılaşdırıldığını nəzərə alaraq, bu qərarla təsdiq edilmiş tariflər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən maliyyələşmə məsələləri ilə bağlı qəbul ediləcək qərarla eyni tarixdən qüvvəyə minəcəkdir.

İclasda həmçinin, qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən, “Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddətinin hər ili ərzində 5 dəfədən artıq müsahibədə iştirak üzrə ödənişin dövlət qulluğu vəzifələrinin qrupundan asılı olmayaraq bir iştirak üçün 50 manat səviyyəsində müəyyənləşdirilməsinə, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının bir mərhələdə, bakalavriat səviyyəsinə isə qəbul imtahanlarının iki mərhələdə keçirilməsi, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul üçün yeni test tapşırıqları bazasının işlənməsi, imtahanların təşkili xərclərinin artması kimi məsələlər nəzərə alınmaqla, tələbə qəbulu üzrə yeni xidmətlər üzrə tariflərin müəyyən olunması və bəzi imtahan növləri üzrə isə təsdiq edilmiş tariflərin dəyişdirilməsinə dair Dövlət İmtahan Mərkəzinin müraciətinə baxılmışdır.

Tarif (qiymət) Şurası üzvlərinin təklifləri əsasında il ərzində 5 dəfədən artıq müsahibədə iştirakla bağlı ödənişin məbləği dövlət qulluğu vəzifələrinin qruplarına uyğun olaraq hər bir mövcud imtahan tarifinin 50 faizi miqdarında (35, 40, 45 və 50 manat) müəyyənləşdirilmişdir. Qərar 26 iyul 2022-ci il tarixindən qüvvəyə minir.

Eyni zamanda, orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə və tibb təhsili üzrə rezidenturaya qəbul imtahanları, buraxılış imtahanları, həmçinin abituriyentlərin buraxılış imtahanı çərçivəsində əlavə verdikləri Azərbaycan dili (dövlət dili kimi), rus dili və coğrafiya fənləri üzrə fərq imtahanlarına dair, habelə ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları üzrə tarif tənzimlənməsi həyata keçirilmiş və yeni tarifləri müəyyənləşdirilmişdir.

Qanunvericiliyə əsasən yuxarıda qeyd olunan qəbul imtahanlarında ilk dəfə iştirak edən abituriyentlər və iştirak sayından asılı olmayaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları, şəhid ailəsinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, məcburi köçkün statusu olan şəxslər, I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün iştirak haqqı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

Xidmət haqları dövlət büdcəsindən maliyyələşdirilməyən Azərbaycan Respublikası vətəndaşları üçün tariflərin artırılması ilə əlaqədar yaranan fərqin 2023-2024-cü illər ərzində dövlət büdcəsi hesabına qarşılanması məsələlərinə dair Maliyyə və İqtisadiyyat nazirliklərinin hökumətə təqdim etdiyi təkliflərin razılaşdırıldığını nəzərə alaraq, tələbə qəbulu ilə bağlı qərarla təsdiq edilmiş tariflər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən maliyyələşmə məsələləri ilə bağlı qəbul ediləcək qərarı ilə eyni tarixdən qüvvəyə minəcəkdir.

İclasda həmçinin, “Azərenerji” ASC-nin Şuraya müraciətinə baxılmış və istehsal olunan elektrik enerjisinin hansı hissəsinin tarifinin tənzimlənmədiyi məsələsinə aydınlıq gətirilməsi və dəqiqləşdirilməsi məqsədilə Şuranın 2021-ci il 16 oktyabr tarixli qərarında redaktə xarakterli dəyişiklik edilmişdir.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ovçuluq biletinin verilməsinə görə dövlət rüsumu müəyyən edildiyindən Nazirlər Kabinetinin Qərarı ilə qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (xidmətlərin) siyahısından ovçuluq biletinin qiyməti çıxarılmışdır. Bu baxımdan, Tarif (qiymət) Şurasının “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən ovçuluq biletinin qiymətinin tənzimlənməsi barədə” 2008-ci il 30 iyul tarixli 5 nömrəli və “Ovçuluq biletinin qiymətinin tənzimlənməsi barədə” 2018-ci il 17 may tarixli 3 nömrəli Qərarları ləğv edilmişdir.

Tələbə qəbulu, neft məhsullarının təchizatı və ovçuluq bileti ilə bağlı qərarlar istisna olmaqla digər qərarlar 1 avqust 2022-ci il tarixindən qüvvəyə minir.

Tarif (qiymət) Şurasının iclasında, həmçinin yeni dövlət qeydiyyatına alınan 337 dərman vasitəsinin qiyməti də təsdiq edilmişdir.

Qeyd edək ki, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 13369 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilmişdir.

Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar".

Xəbər lenti