Xəzər Xəbər

Qarabağın işğaldan azad edilməsi bütün İslam dünyasının qələbəsidir

Gündəm | 16:19 • 8 Aprel 2021
Qarabağın işğaldan azad edilməsi bütün İslam dünyasının qələbəsidir

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr Qarabağ məsələsində Azərbaycanın mövqeyini daim müdafiə edib. Bu, təkcə din birliyi ilə bağlı deyil, eyni zamanda, Azərbaycanın haqlı mövqeyindən irəli gəlir. Azərbaycana dəstəyimiz bundan sonra da davam edəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri işğaldan azad olunmuş bölgələrə səfərin yekunlarına dair keçirilən mətbuat konfransında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin İqtisadi məsələlər üzrə köməkçisi Əhməd Kavrsa Sengendo deyib.

O, həmçinin bildirib: “İşğaldan azad olunan ərazilərə səfərimiz zamanı erməni vandalizminin şahidi olduq. Onlar bütün yaşayış məskənlərini yer üzündən silməyə çalışıblar. Bu, çox kədərlidir. Oradakı məscidlərdə donuz saxlanılıb, məzarlıqlar dağıdılıb. Çox şadıq ki, hazırda Qarabağ işğaldan azad edilib, Azərbaycan hökuməti o bölgələrdə yenidənqurma işləri aparacaq, keçmiş məcburi köçkünlər öz torpaqlarına qayıda biləcəklər”.

Cibutinin Səudiyyə Ərəbistanındakı səfiri və İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi Dya-Eddine Said Bamakhrama deyib ki, Ağdama səfərləri zamanı şəhərin tamamilə dağıdıldığının şahidi olublar, Gəncədə isə müxtəlif raket atəşləri nəticəsində şəhərə dəymiş ziyanı öz gözləri ilə görüblər. İƏT olaraq işğaldan azad edilmiş bölgələrdə normal həyatın bərpası üçün Azərbaycan dövlətinə dəstəklərini davam etdirəcəklərini deyən daimi nümayəndə bildirib: “Bildiyimiz kimi, İslam sülh dinidir. Bu baxımdan, biz dünyada sülhün bərqərar olması üçün əlimizdən gələni əsirgəməməliyik. Biz dünyada sülhün, barışın tərəfdarı olduğumuzu bir daha bəyan edirik”.

Türkiyə Respublikasının İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi Mehmet Metin Eker deyib ki, Qarabağ torpaqları işğaldan azad edilib. İşğaldan azad olunan bölgələrdə bu gün azan sədaları ucalır. Bu, bütün İslam dünyasının qələbəsidir. Çünki Qarabağ, eyni zamanda, İslam dünyasının bir parçasıdır. O vurğulayıb ki, Qarabağın təhlükəsizliyinin təmin edilməsi, burada aparılacaq yenidənqurma işləri və keçmiş məcburi köçkünlərin öz torpaqlarına qaytarılması Azərbaycan dövləti ilə bərabər, bütün İslam dünyasının ortaq vəzifəsi olmalıdır. “Bu istiqamətdə qarşımızda böyük işlər var. Əminik ki, Azərbaycan dövləti bu vəzifələrin öhdəsindən uğurla gələcək. İslam Əməkdaşlıq Təşkilatı bütün bu fəaliyyətlərdə Azərbaycan dövlətinin və xalqının yanında olacaq”, - deyə o əlavə edib.

Pakistanın İƏT-də və digər beynəlxalq təşkilatlardakı daimi nümayəndəliyinin rəhbəri, səfir Rizvan Səid Şeyx bildirib ki, Qarabağda qazanılan Zəfər Azərbaycanın nailiyyətlərinin bariz nümunəsidir. Eyni zamanda, bu Zəfər bizim üçün də çox əhəmiyyətlidir. Çünki İƏT 30 ilə yaxındır ki, bu məsələyə hər zaman xüsusi diqqət yetirib. “Pakistan İƏT Xarici İşlər Nazirləri Şurasının növbəti Zirvə toplantısına ev sahibliyi edəcək. Biz sülhün daimi olması üçün təşkilatın həyata keçirə biləcəyi tədbirlər barədə müzakirələr aparacağıq. Pakistanda bir araya gələcək XİN rəhbərləri səylərin səfərbər edilməsi üçün konkret tədbirlər planını işləyib hazırlamalıdırlar”, - deyən Rizvan Səid Şeyx İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupunun səfərin yekunları ilə bağlı hesabat da tərtib edəcəyini bildirib.

Səfər çərçivəsində yalnız işğaldan azad olunan ərazilərə deyil, münaqişə zonasından kənarda yerləşən yaşayış məntəqələrinin də müharibənin təsirlərinə məruz qaldığının şahidi olduqlarını diqqətə çatdıran Malayziyanın Azərbaycandakı səfiri Dato Yubazian Bin Yusof deyib ki, bütün bunlar insanlığa qarşı cinayətlərdir. “Bizi narahat edən məsələlərdən biri də baş çəkdiyimiz bütün ərazilərdə ibadət yerlərinin dağıdılmasıdır. Biz Azərbaycanla həmrəylik nümayiş etdirmişik və noyabrın 10-da imzalanan Birgə Bəyanatı dəstəkləyirik. Bərpa prosesində də Azərbaycana dəstəyimizi nümayiş etdirəcəyik. Bu prosesdə Azərbaycan xalqına, həmçinin mənəvi dəstək də lazımdır”, - deyə səfir vurğulayıb.

Biz işğaldan azad edilən ərazilərin təbiətinin necə gözəl olduğunu gördük. Bununla yanaşı, hər yerin dağıdıldığının şahidi olduq. Biz Azərbaycanın bu tarixi torpaqlarının bərpasını gözləyəcəyik. Ümid edirik ki, bir neçə il sonra burada firavan həyatın şahidi olacağıq”. Bu sözləri isə mətbuat konfransında Qambiyanın İslam Əməkdaşlıq Təşkilatı yanındakı daimi nümayəndəsinin müavini Jah Abu Bakir söyləyib. O deyib: “Buradakı vandallıq digər münaqişə bölgələrindəki təcavüzkar və işğalçılara nümunə olmalıdır ki, sadəcə, vəhşilik törədərək canlarını qurtara bilməyəcəklər. Qambiya Azərbaycandan uzaq olmasına baxmayaraq, ölkəniz daim bizim qəlbimizdədir. Biz Azərbaycanın mövqeyini bundan sonra da dəstəkləyəcəyik”.

Xəbər lenti