Xəzər Xəbər

Lənkəranda parlament seçkiləri yüksək səviyyədə keçir

Gündəm | 13:58 • 9 Fevral 2020
Lənkəranda parlament seçkiləri yüksək səviyyədə keçir

Milli Məclisə seçkilər ölkəmizin hər yerində olduğu kimi, Lənkəran rayonunda da yüksək səviyyədə keçir.

Lənkəran rayonunda fəaliyyət göstərən 4 seçki dairəsi üzrə 116 seçki məntəqəsinin yerləşdiyi binalarda seçki komissiyalarının normal fəaliyyəti üçün hər cür şərait yaradılıb.

73 saylı Lənkəran Şəhər Dairə Seçki Komissiyasının sədri Kərim Heydərovun verdiyi məlumata əsasən, dairənin əhatə etdiyi ərazidə 28 seçki məntəqəsi fəaliyyət göstərir. Məntəqələrin yerləşdiyi binalar təmir edilib. Dairə üzrə 9 nəfərin namizədliyi qeydə alınıb. Dairə Seçki Komissiyasının əhatə etdiyi seçki məntəqələrində bu namizədlərə 35500 nəfər seçici səs verəcək. Onlardan da 185 nəfəri ilk dəfə səs verənlərdir.

74 saylı Lənkəran Kənd Dairə Seçki Komissiyasının sədri Əlövsət Rufiyev isə bildirib ki, dairə üzrə 39 seçki məntəqəsinin hər birində seçkilərin yüksək səviyyədə keçməsi üçün lazımi şərait yaradılıb. Dairə üzrə 35434 nəfər seçici 11 nəfərin namizədliyinə səs verir. Onlardan 9 nəfəri ilk dəfə səs verənlərdir. Ən yaşlı seçici Viravul kəndindən olan 1900-cü il təvəllüdlü Xəlilova Zəhrə Rza qızıdır.

75 saylı Lənkəran-Masallı Dairə Seçki Komissiyasının sədri Cəmil Hüseynov bildirib ki, dairə üzrə 41 məntəqə fəaliyyət göstərir. Bu məntəqələrin 29-u Lənkəran rayonunun, 12-i isə Masallı rayonunun ərazisinə düşür.

Dairə üzrə 38746 nəfər seçicinin adı seçici siyahısına daxil edilib. Onlardan 28611 nəfəri Lənkəran, 10135 nəfəri isə Masallı sakinləridir. Ən yaşlı seçicinin - Lənkəran rayonunun Boladi kənd sakini Axundova Şabikə Fərhad qızının 115 yaşı var. Dairə üzrə qeydə alınmış namizədlərin sayı 7 nəfərdir.

76 saylı Lənkəran-Astara Dairə Seçki Komissiyasının sədri Məzahir Əliyevin məlumatına görə, dairədə 45 seçki məntəqəsi fəaliyyət göstərir. Onların 20-si Lənkəran rayonunu, 25-i isə Astara rayonunu əhatə edir. Dairədə 38615 seçici qeydə alınıb. Onların 41 nəfəri ilk dəfə səs verənlərdir. Yaşı 80-dən yuxarı olan seçicilərin sayı 956 nəfərdir. Onlardan da 426 nəfəri Lənkəran, 530 nəfəri isə Astara rayonunun sakinləridir./azərtac

Xəbər lenti

Çox oxunanlar