Xəzər Xəbər

Şamaxıda zəlzələnin ziyan vurduğu 132 ev yenidən tikiləcək

Gündəm | 12:05 • 20 Fevral 2019
Şamaxıda zəlzələnin ziyan vurduğu 132 ev yenidən tikiləcək
Şamaxıda baş vermiş zəlzələnin vurduğu ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Bunu Azvision.az-a açıqlamasında Şamaxı Rayon İcra Hakimiyyətinin baş memarı Rüstəm Əliyev bildirib. Onun sözlərinə görə, hazırda daxil olmuş müraciətlər əsasında əraziyə baxış keçirilir, dəymiş ziyanın miqyası müəyyənləşdirilir:


"Şamaxı şəhəri üzrə baxış keçirmək prosesi başa çatmaq üzrədir. Artıq bir neçə evin sökülərək yenidən inşasına başlanılıb. Hava şəraiti ilə əlaqədar müəyyən çətinliklər var, buna baxmayaraq, işlər davam etdirilir. Kəndlərdə olan qəzalı tikililərə isə baxış mərhələsinə bu gündən başlanılır”.

R.Əliyev qeyd edib ki, şəhər üzrə 2043 müraciət qeydə alınıb: "Bu günə qədər 1954 evə baxış keçirilib və 132 ev qəzalı hesab olunub. Onlar sökülüb, yenidən tikiləcək. Bərpa olunası evlərin sayı 526, təmirə ehtiyacı olan evlərin sayı 727, qənaətbəxş hesab olunan evlərin sayı isə 569-dur”.

Qeyd edək ki, fevralın 5-də yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə İsmayıllı ərazisində yeraltı təkan qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub. Təbii fəlakət Şamaxıda bir sıra fəsadlar törədib.

Ölkə başçısı zəlzələbölgəsinə səfər edərək dağılan evlərin yenidən tikilməsi və bərpa edilməsi ilə bağlı tapşırıqlar verib.

Xəbər lenti