Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib.
AQTA-dan XəzərXəbər-ə verilən xəbərə görə, agentlik bayram ərəfəsində vətəndaşlara və bu
sahədə fəaliyyət göstərən şəxslərə dini ayinlərlə yanaşı həm də müvafiq
qanunvericiliyin tələblərinə uyğun heyvan kəsiminin həyata keçirməsini
tövsiyə edir.
Bayram günlərində heyvan kəsimi ilə məşğul olan
şəxslərdən şəhərimizin küçələrində və yol kənarlarında antisanitar
şəraitin yaradılmaması üçün heyvan kəsimini, baytarlıq-sanitariya və
gigiyena normalarına uyğun şəkildə yerli icra hakimiyyəti orqanları
tərəfindən yaradılmış kəsim məntəqələrində həyata keçirmələri xahiş
olunur.
Bildirilir ki, bununla bağlı lazımi şəraitin yaradılması
üçün Agentliyin səlahiyyətli şəxsləri yerli icra hakimiyyəti
orqanlarının nümayəndələri ilə birlikdə yerlərdə monitorinqlər keçirmiş
və müvəqqəti olaraq çadırlarda heyvan kəsiminin təşkil olunması üçün
yerlər müəyyənləşdirilmişdir. Bayram günlərində heyvan kəsimi fəaliyyəti
ilə məşğul olmaq istəyən şəxslər əvvəlcədən yerli icra hakimiyyəti
orqanlarına müraciət etməlidir.
Qeyd edək ki, "Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin
11 iyun 2018-ci il tarixli Sərəncamının 4-cü bəndinə əsasən küçələrdə,
yol kənarlarında heyvan kəsiminin qarşısının alınması və tələblərə uyğun
müasir heyvan kəsimi məntəqələrinin yaradılması yerli icra hakimiyyəti
orqanlarının öhdəliyinə düşür.
Qurban bayramında heyvan kəsiminin
normalara uyğun şəraitdə təşkil olunması, hər il küçə və yol
kənarlarında baş verən antisanitar vəziyyətin təkrar olunmaması üçün
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvafiq icra hakimiyyəti
orqanlarına rəsmi müraciətlər olunub.