Müdafiə nazirinin
təsdiq etdiyi plana əsasən, Silahlı Qüvvələrin Təlim və Tədris
Mərkəzində birlik, birləşmə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri,
qoşun qisimləri və əlahiddə hərbi bölmələrin şəxsi heyətlə iş üzrə
komandir müavinləri və psixoloqların təlim-metodiki toplantısı
keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən xəbərə görə, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir
dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib. Tədbirdə çıxış
edən Müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş
İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev Azərbaycan Ordusunun
yaranmasının 100 illik yubileyindən söz açaraq bu münasibətlə keçirilən
silsilə tədbirlərin şəxsi heyətin mənəvi-psixoloji hazırlığının
yüksəlməsində rolunu vurğulayıb, Müdafiə nazirinin bu sahədə
tapşırıqlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb, həmçinin
şəxsi heyətlə iş üzrə zabitlər və psixoloqlarla plana uyğun tədbirlərin
keçirilməsinin vacibliyindən danışıb və bu sahədə xidmət edən
mütəxəssislərin təcrübələrinin artırılmasının əhəmiyyətini xüsusilə qeyd
edib.
Müdafiə nazirinin müavini bildirib ki, məhz 2016-cı ilin aprel ayında Ağdərə, Füzuli, Cəbrayıl
istiqamətlərində və cari ilin may ayında Naxçıvanda həyata keçirilən
əks-həmlə əməliyyatlarında qazanılan uğurlar Ali Baş Komandanın diqqət
və qayğısı ilə Orduda həyata keçirilən kompleks islahatların
nəticəsidir. Şəxsi Heyət Baş İdarəsi Mənəvi-Psixoloji Hazırlıq və
İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev
çıxışında hərbi intizamın möhkəmləndirilməsinin ordunun döyüş
qabiliyyətinə təsir edən əsas amillərdən olduğunu vurğulayıb və bir çox
xidməti məsələlərə toxunub. Təlim-metodiki toplantıda şəxsi heyətlə iş
üzrə zabit və psixoloqlar ötən yarım il ərzində görülən işlər və 2018-ci
ilin ikinci yarısında həyata keçiriləcək tədbirlər haqqında məruzə
ediblər. Toplantıda Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Respublika Hərbi Prokurorluğu, "Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzi nümayəndələrinin çıxışları da dinlənilib.
Şəxsi
heyətin mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun artırılmasında
hərbi vətənpərvərlik mahnılarının rolundan danışan Əməkdar İncəsənət
xadimi, Prezidentin
fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani bu mövzuda yazılan
marşların, şeirlərin, mahnıların şəxsi heyəti döyüşə ruhlandırdığını
vurğulayıb. Toplantının sonunda hesabat dövründə döyüş və
mənəvi-psixoloji hazırlığın yüksəldilməsi, hərbi intizamın
möhkəmləndirilməsi işində nümunəvi xidmətləri ilə fərqlənən zabitlər
mükafatlandırılıb.