Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.
İdarədən XəzərXəbər-ə bildirilib ki, BDYPİ sürücülərin və avtomobil sahiblərinin işini daha
da asanlaşdırmaq, cərimə və digər məlumatları vaxtında əldə etmək,
bununla da sonradan yaranan müxtəlif problemlərin qarşısını almaq üçün
bəzi məqamlara diqqət etməyi tövsiyə edir.
Qeyd edilib ki,
İnzibati Xətalar Məcəlləsinin (İXM) 125.5-ci maddəsində sürücülərin
üzərinə düşən vəzifələr əksini tapıb. "Yol hərəkəti haqqında” qanunun
27-ci maddəsinin II hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat
vasitəsini dövlət qeydiyyatından keçirərkən fiziki şəxslər qeydiyyatda
olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda
elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər isə
nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat
vasitəsi sürücüsünün) müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata
keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə, onları 3 gün
müddətində yeniləməlidirlər.
Müvafiq icra hakimiyyəti orqanının
mərkəzi informasiya sisteminə daxil edilmiş və İXM-nin 125.5-ci
maddəsində nəzərdə tutulmuş məlumatlar ASAN ödəniş sisteminə də
göndərilir. Bu o deməkdir ki, sürücülər cərimələr barədə həm elektron
poçt, həm Asanpay.az saytındakı elektron kabinet, həm də mobil
telefondan pulsuz SMS vasitəsilə məlumat ala bilirlər. Onu da nəzərə
almaq lazımdır ki, sözügedən məsələ "Yol hərəkəti haqqında” qanunun
27-ci maddəsinin II hissəsinin 1-ci bəndində də əksini tapır: "Öz
rahatlığınız üçün bu cür informasiyaların təqdim olunması tövsiyə
edilir".