Xəbər verdiyimiz kimi,
mayın son günlərində Şərur rayonunun Günnüt kəndi və ətafındakı mühüm
strateji əhəmiyyəti olan yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun
əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib.
Bununla da ordumuz daha əlverişli mövqelərə sahiblənib, "Xunut” dağı və
"Ağbulaq” yüksəkliyi , daha sonra isə "Qızılqaya” dağı və "Mehridağ”
işğaldan azad edilərək Dərələyəz mahalının Arpa kəndi (Ermənilər adını
dəyişdirərək "Areni” qoyublar) nəzarət altına keçib.
Ümumilikdə
11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bu ərazinin isə 8 min
hektardan artığı əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı
ərazilərdir.
Aprel döyüşlərindən sonra Azərbaycan ordusunun
Naxçıvanda həyata keçirdiyi uğurlu əməliyyatdan danışan ehtiyatda olan
polkovnik Şair Ramaldanov AzVision.az-a bildirib ki, bu, ölkəmizin heç vaxt işğalla barışmadığının sübutudur.
"Azərbaycanın heç vaxt işğalla barışmayacağı mesajını Ali Baş Komandan, prezident İlham Əliyev
dəfələrlə verib. Ali Baş Komandan xəbərdarlıq edib ki, Ermənistan
konstruktiv mövqedən çıxış etməsə, Azərbaycan son varianda güc tətbiq
edərək öz torpaqlarını işğaldan azad edəcək. Naxçıvanda olan silahlı
bölmələr müəyyən operativ-taktiki tədbirlər həyata keçirərək işğal
edilmiş torpaqlardan düşməni geri çəkilməyə məcbur edib. Nəticədə bir
sıra yaşayış məntəqələrində təhlükəsizlik təmin olunub. Orada 11 min
hektar əraziyə sahiblik geri qaytarılıb. 8 min hektar torpaq kənd
təsərrüfatı üçün yararlıdır. Günnüt kəndinin sakinləri 26 ildən sonra öz
qəbiristanlıqlarını ziyarət ediblər. Naxçıvanda bir daha nümayiş
etidirildi ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq. Hansı yolla
olursa olsun, torpaqlarını işğaldan azad edəcək”, - deyə ehtiyatda olan
polkovnik bildirib.
Ş.Ramaldanov qeyd edib ki, Cocuq Mərcanlıdan
sonra estafeti Naxçıvan götürüb və uğurla başa çatdırıb: "Düşünürəm ki,
bunun əhəmiyyəti çox böyükdür. İşğaldan azad edilən hər bir qarış
torpaq bizi əsas hədəfimizə yaxınlaşdırır. Azərbaycan cəmiyyəti bunu çox
yaxşı qarşılayır, ruh yüksəkliyi ilə qeyd edir. Digər tərəfdən
strateji, taktiki cəhətdən orada olan yüksəkliklər İrəvana gedən yolu
nəzarətdə saxlamağa imkan yaradır. Hesab edirəm ki, ən böyük sevindirici
hal kənd sakinlərinin öz evlərinə, torpaqlarına qovuşmasıdır”.
Polkovnik
vurğulayıb ki, Naxçıvan əməliyyatı böyük qayıdışa, torpaqlarımızın
işğaldan azad olunmasına istiqamətlənən addımlardan biridir: "Cocuq Mərcanlının
timsalında biz görürük ki, qısa zamanda azad olunmuş yaşayış
məntəqələrində abadlıq-quruculuq işləri aparılır. Müasir infrastruktur
yaradılır. Bu, düşmənə nümunədir ki, torpaqlar azad edilsə, orada
infrastruktur hansı formada bərpa olunacaq. Bunu erməni cəmiyyəti də
görür. Cocuq Mərcanlıdan sonra Xankəndində camaat qorxu içərisində yaşamaqdan bezib və ayağa qalxıb. Başa düşürlər ki, işğal onlara heç nə verməyib.
Hesab
edirəm ki, Naxçıvandakı əməliyyat böyük qayıdışa, torpaqlarımızın
işğaldan azad olunmasına istiqamətlənən addımlardan biridir. Bunun
axarı, davamı olacaq. Biz digər istiqamətlərdə də belə xoş xəbərləri
eşidəcəyik. Bəlkə də atılan addımlar Ermənistanı qeyri-kontruktiv
mövqeyindən çəkindirərək, cəmiyyətin təzyiqi altında düzgün mövqe
tutmağa, nəhayət, öz xalqını, gələcəyini fəlakətdən qurtarmağa apardı.
Bu da onlara dərs olmasa, öz havadarlarının
əmrlərini yerinə yetirməkdə davam etsələr, Azərbaycan hərbi gücü ilə
qısa zamanda işğalçı qüvvələri darmadağın edərək işğala son qoyacaq.
Düşünürəm ki, Naxçıvan əməliyyatının davamı olmalıdır və olacaq”.