ABŞ-ın Nevada ştatının
Las Veqas şəhərinin meri Karolin Qudman Azərbaycan Xalq Cümhuriyyətinin
100 illiyi ilə bağlı təbrik bəyannaməsi imzalayıb.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan XəzərXəbər-ə verilən məlumata görə, konsulluğa ünvanlanmış bəyannamədə Las Veqas
şəhərinin meri Azərbaycan xalqını bu xüsusi yubiley münasibətilə təbrik
edərək, xoş arzularını çatdırır. Sənəddə həmçinin Azərbaycan və ABŞ arasında dostluq və tərəfdaşlığın gücləndirilməsi və davamlı inkişafı xüsusi vurğulanır.
Qeyd edək ki, dünyanın əyləncə paytaxtı adlandırılan Las Veqas şəhəri ABŞ-ın
ən çox ziyarət olunan turizm məkanlarından biridir. Əhalisinin sayına
görə Nevada ştatının ən böyük şəhəri olan Las Veqas ştatın ən aparıcı
mədəni, maliyyə və biznes mərkəzidir.