ABŞ-ın Cənubi Karolina
ştatının qubernatoru Henri MakMaster Azərbaycan Demokratik
Respublikasının yaranmasının 100 illiyi ilə əlaqədar olaraq bəyannamə
imzalayıb. Azərbaycanın ABŞ-dakı səfirliyindən XəzərXəbər-ə verilən məlumata görə, bəyannamədə 1918-ci il 28 may tarixində Müsəlman
Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik
Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o
cümlədən ABŞ tərəfindən tanınması qeyd olunub.
Sənəddə
bildirilib ki, Azərbaycan Demokratik Respublikası müstəqilliyinin qısa
müddət ərzində irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı
olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla yanaşı
müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçki hüququnun
verilməsini təmin edib.
S'nəddə Azərbaycan Demokratik
Respublikasının 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına
rəğmən onun Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və 1991-ci
ildə yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu vurğulanıb.
Qeyd edilib ki, Azərbaycan son 25 il ərzində öz suverenlik və müstəqilliyini möhkəmləndirib və hazırda Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.
Bəyannamədə, Azərbaycan Demokratik Respublikasının yaranmasının 100-cü il yubileyində dünyada yaşayan milyonlarla və ABŞ-da yaşayan on minlərlə Azərbaycanlı tərəfindən 28 May tarixinin Milli Gün olaraq qeyd edildiyini və öz əcdadlarının Qafqaz, Mərkəzi Asiya və Orta Şərqdə demokratiyanın yayılması üçün töhfələrinin xatırlandığı bildirilib.
H.
MakMaster Azərbaycanın Demokratik Respublikasının 100-cü il yubileyini
elan edib və Cənubi Karolinalıları bu təbrikə və ən xoş arzulara
qoşularaq bu xüsusi bayramı ölkədə və dünyada yaşayan azərbaycanlılarla
birlikdə qeyd etməyə çağırıb.