Nazirlər Kabineti
"Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması,
indeksasiyası və qeydiyyata alınması Qaydaları"nda bir sıra
dəyişikliklər edib.
Baş nazir Novruz Məmmədovun
imzaladığı qərara əsasən, ümumi istifadədə olan respublika və yerli
əhəmiyyətli avtomobil yollarının siyahısı onların adı və indeksləri
göstərilməklə (beynəlxalq avtomobil yollarının adlandırılması və
indeksasiyası barədə beynəlxalq sazişlər nəzərə alınmaqla) Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyinin təqdimatına əsasən Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək.
Bundan
əlavə Respublika və yerli əhəmiyyətli avtomobil yollarının
adlandırılması və indeksasiyası Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyinin təqdimatı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
tərəfindən, digər dövlət avtomobil yollarının adlandırılması və
indeksasiyası yerli icra hakimiyyəti orqanları (şəhər rayonu icra
hakimiyyətləri istisna olmaqla) tərəfindən müəyyənləşdiriləcək.
Avtomobil yollarının texniki pasportunun forması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırlanacaq və təsdiq ediləcək.
Dəyişikliyə
əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi avtomobil
yollarının qeydiyyatını aparacaq, bu barədə reyestrdə müvafiq qeydlər
edəcək. Avtomobil yollarının ümumi siyahısı və rəsmi xəritəsi Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırlanacaq.
Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyi avtomobil yollarının daşınmaz
əmlakın kadastrı xəritəsində yerləşdirilməsi üçün zəruri olan
məlumatları yarım ildə bir dəfə razılaşdırılmış formada və qaydada
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edəcək.
Avtomobil yollarının texniki pasportu təsdiq olunmuş formaya uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi
tərəfindən verilmiş kadastr məlumatlarına əsasən yol təsərrüfatı
subyektləri tərəfindən iki nüsxədə hazırlanır və nüsxələrin biri yolun
qeydiyyata alınması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə
təqdim edilir.