"Heydər Əliyev o vaxt
Azərbaycanda olsaydı, heç vaxt imkan verməzdi ki, separatçı meyillər baş
qaldırsın və Dağlıq Qarabağ münaqişəsi başlasın"
XəzərXəbər xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə çıxışında deyib.
Dövlətimizin başçısı bildirib ki, Heydər Əliyev
dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını
doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə
xidmət edib.
"Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev
bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə
aparırdı. Sovet dönəmində və müstəqillik dövründə Azərbaycan üçün,
xalqımız üçün ən həlledici anlarda Heydər Əliyevin
liderlik keyfiyyətləri, onun müdrikliyi, düşünülmüş siyasəti və
cəsarətli addımları xalqımızı böyük bəlalardan xilas etmişdir. Xalq ona
inanırdı, onu sevirdi və bütün dövrlərdə ona arxa-dayaq olmuşdur".
Prezident qeyd edib ki, sovet dövründə Heydər Əliyev
Azərbaycana rəhbərlik etdiyi illərdə Azərbaycan uğurla, sürətlə inkişaf
edib: "1969-cu ildə o, Azərbaycan Respublikasının rəhbəri seçiləndə
Azərbaycan sovet məkanında ən geridə qalmış respublikalardan biri idi.
Bunu sosial-iqtisadi göstəricilər də təsdiq edir. On üç il ərzində
yorulmaz fəaliyyət nəticəsində Azərbaycan sovet məkanında ən qabaqcıl
respublikalardan birinə çevrilmişdir. Əgər sovet dövründə - 1980-ci
illərdə iki donor respublika var idisə, onlardan biri Azərbaycan idi.
Azərbaycan ümumittifaq xəzinəsinə daha çox vəsait verirdi, nəinki
alırdı. Məhz o illərdə Azərbaycanda sənaye inkişafı böyük templərlə
təmin olunurdu. Yüngül sənayedə, ağır sənayedə, neft sənayesində böyük
işlər görülmüşdür. O vaxt yaradılmış infrastruktur bu gün müstəqil
Azərbaycanın inkişafına xidmət göstərir. Kənd təsərrüfatına böyük diqqət
göstərilirdi. Azərbaycan böyük tikinti meydançasına çevrilmişdi. Yəni,
1982-ci ilin sosial-iqtisadi göstəricilərinə nəzər salsaq görərik ki,
doğrudan da Heydər Əliyevin rəhbərliyi ilə 13 il ərzində böyük işlər görülmüşdür və Azərbaycan, qeyd etdiyim kimi, qabaqcıl yerlərdə idi.
Onun
gördüyü işlər, prinsipiallığı, şəxsi keyfiyyətləri, əlbəttə ki, sovet
rəhbərliyində də yüksək qiymətləndirilirdi. 1982-ci ildə Leonid Brejnev
vəfat edəndən və Yuri Andropov hakimiyyətə gələndən sonra onun ilk
təyinatı məhz Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Heydər Əliyevi Moskvaya
dəvət etmiş və ona yüksək vəzifə təklif etmişdir - Nazirlər Soveti
sədrinin birinci müavini və Siyasi Büronun üzvü vəzifələrini.
Mən
yaxşı xatırlayıram, atam bir neçə gün tərəddüd edirdi, Azərbaycandan
getmək istəmirdi. Onun gördüyü işlər, əlbəttə ki, Azərbaycanı böyük
dərəcədə inkişaf etdirmişdi və Azərbaycanın gələcək inkişafı ilə bağlı
böyük planları var idi. Ancaq o vaxt təbii ki, güclü nizam-intizam var
idi və eyni zamanda, sovet dövləti qarşısında yeni vəzifələr durmuşdu və
o, bu yüksək məsuliyyəti öz üzərinə götürmüşdü. 1982-1987-ci illərdə o,
bir çox önəmli sahələrə rəhbərlik edərək sovet dövlətinin uğurlu
inkişafına öz töhfəsini vermişdir. Onun bilavasitə rəhbərliyi ilə böyük
infrastruktur layihəsi olan Baykal-Amur dəmir yolu uğurla inşa
edilmişdir, onun tikintisi tamamlanmışdır. Eyni zamanda, daim
Azərbaycana böyük diqqət, kömək göstərirdi. Əlbəttə, onun burada gördüyü
işlər və fəaliyyəti imkan verirdi ki, o, Azərbaycanı tərk edəndən sonra
da Azərbaycan inkişaf etsin. Ancaq buna baxmayaraq respublikada
sosial-iqtisadi göstəricilər getdikcə aşağı düşürdü, vəziyyət tənəzzülə
uğrayırdı. Nəticədə 1980-ci illərin sonlarında - 1990-cı illərin
əvvəllərində Azərbaycan böyük fəlakətlə üz-üzə qalmışdır".
Prezident
əlavə edib: "Bir sözlə, o dövrdə Ulu Öndər çox böyük işlər görmüşdür və
sovet məkanında onun xatirəsinə bu gün çox böyük hörmət və ehtiram var.
Mənim onunla bərabər işləyən şəxslərlə çoxsaylı görüşlərim deməyə əsas
verir ki, o, sözün əsl mənasında, böyük hörmətə layiq olan insan idi.
1987-ci ildə heç bir əsas olmadan ovaxtkı sovet rəhbərliyi tərəfindən Heydər Əliyev
bütün vəzifələrdən uzaqlaşdırıldı. Bunun heç bir əsası yox idi. Çünki
onun peşəkarlığı, gördüyü işlərin nəticələri, əlbəttə ki, ona qarşı
edilən ədalətsizliyə uyğun gəlmirdi. Ancaq o vaxt sovet rəhbərliyində
olan adamlar, sovet dövlətinin rəhbəri ona qarşı çox mənfi münasibət
göstərirdi. Heydər Əliyev
çox prinsipial, sözünü deyən insan idi. O görürdü ki, ölkədə vəziyyət
pisləşməyə doğru gedir. O görürdü ki, real islahat əvəzinə, boşboğazlıq,
populizm hökm sürür. O görürdü ki, qəbul edilmiş qərarlar sovet
dövlətinin zəifləməsinə xidmət göstərir. Eyni zamanda, 1985-ci ildən
başlayaraq, Sovet İttifaqında milli münasibətlər sahəsində çox böyük
pozuntulara yol verilmişdir. Sovet dövlətini vahid bir dövlət kimi
saxlayan, ilk növbədə, milli münasibətlərin tənzimlənməsi idi. 1985-ci
ilə qədər bu münasibətlər demək olar ki, sağlam zəmində qurulmuşdur.
Bütün xalqlar rahat inkişaf edə, öz mədəniyyətini qoruya bilirdilər.
Ona görə bütün bu xoşagəlməz meyillərə qarşı Heydər Əliyev
biganə qala bilməzdi, öz səsini ucaldırdı və əlbəttə ki, bu, sovet
rəhbərliyinin xoşuna gəlmirdi. Heç bir əsas olmadan bütün vəzifələrdən
uzaqlaşdırılandan sonra Azərbaycan böyük dayağı itirmiş oldu. Bizim
mənfur qonşularımız dərhal bundan istifadə etdilər, onun istefasından
iki həftə keçməmiş erməni separatçıları və onların mərkəzdəki havadarları məsələ qaldırdılar ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilsin. Yəni, Heydər Əliyev
amili, güclü şəxsiyyətin dövlətin mərkəzində olması imkan vermirdi ki,
belə separatçı meyillər baş qaldırsın. Baxmayaraq ki, 1969-cu ilə qədər
belə meyillər var idi. Ancaq Heydər Əliyev Azərbaycana rəhbər vəzifəsinə gələndən sonra bütün bu meyillərin qarşısı alınmışdır".
Dövlət
başçısı vurğulayıb ki, o vaxtdan xalqımıza, respublikamıza qarşı çox
böyük ədalətsizliklər edilib. Bunun nəticəsində Azərbaycan böyük
fəlakətlə üzləşib:
"Tam əminliklə deyə bilərəm ki, əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, Azərbaycan rəhbəri kimi heç vaxt imkan verməzdi ki, separatçı meyillər baş qaldırsın və Dağlıq Qarabağ münaqişəsi
başlasın. Çünki onun qətiyyəti, cəsarəti, nüfuzu heç vaxt imkan
verməzdi ki, belə meyillər mövcud olsun. Ancaq ondan sonrakı rəhbərlər,
əfsuslar olsun ki, zəiflik göstərmişlər, prinsipiallıq göstərməmişlər və
onlar üçün öz şəxsi karyerası xalqın mənafeyindən qat-qat böyük
əhəmiyyət kəsb edirdi.
1990-cı ilə qədər Heydər Əliyev pensiyaçı kimi yaşayırdı. Baxmayaraq ki, Heydər Əliyevə
qarşı mərkəzdə təşkil edilmiş qarayaxma kampaniyaları aparılırdı, ancaq
Azərbaycan xalqı ona olan hörmətini daim öz qəlbində yaşadırdı. 1990-cı
ilin faciəvi günlərində Heydər Əliyev
əsl lider kimi yenə də öz xalqının yanında yer tutdu, xalqa yol
göstərdi. Mən o dəhşətli günləri yaxşı xatırlayıram, sovet hökuməti,
sovet rəhbəri tərəfindən Azərbaycan xalqına qarşı böyük cinayət
törədilmişdi. Qanlı Yanvar faciəsi böyük cinayətdir, öz xalqına qarşı
böyük cinayətdir. Yüzdən çox günahsız insan vəhşicəsinə qətlə
yetirilmişdir, yüzlərlə insan yaralanmışdır və itkin düşmüşdür. Heydər Əliyev dərhal bu ədalətsizliyə qarşı öz səsini ucaltdı. Yanvarın 21-də Moskvada
Azərbaycanın daimi nümayəndəliyinə gələrək, - mən də onun yanında idim,
- orada sovet rəhbərliyini, bu vəhşi aktı pislədi və Azərbaycan xalqına
öz həmrəyliyini ifadə etdi. Bu, böyük cəsarət tələb edən addım idi.
Çünki o vaxt Heydər Əliyev
sovet təbliğatında çox böyük təzyiqlərə, böyük kampaniyalara məruz
qalırdı. Ancaq xalqın ona olan sevgisini bu çirkin əməllər söndürə
bilməzdi. Əksinə, xalq görürdü ki, öz liderinə qarşı böyük ədalətsizlik
törədilir və onun ətrafında daha da sıx birləşməyə cəhd göstərirdi.
1990-cı il yanvarın 21-də Heydər Əliyevin Moskvada
daimi nümayəndəlikdə keçirilmiş mətbuat konfransındakı çıxışı dəfələrlə
dərc edilib, televiziyada göstərilib. Yenə də deyirəm, bu, böyük
cəsarət tələb edən addım idi. Bu addım bir daha göstərirdi ki,
Azərbaycan xalqının problemləri, mənafeyi, dərdi onun üçün hər şeydən
üstündür, hər şeydən əzizdir və ağır günlərdə o, mütləq öz xalqının
yanında olmalı idi. Onu da qeyd etməliyəm ki, o vaxt sovet hakimiyyəti
hələ möhkəm idi, Sovet İttifaqının dağılmasına hələ iki il vaxt qalırdı.
Heç kimin ağlına gələ bilməzdi ki, nə vaxtsa sovet dövləti dağılacaq.
Ondan sonra Heydər Əliyev
uzun illər xidmət etdiyi Kommunist Partiyasının sıralarından çıxdı. Çox
ciddi bəyanat vermişdi və təbii ki, ona qarşı bundan sonra da
təzyiqlər, təqiblər daha da geniş vüsət almışdı, hətta tam dəqiq
məlumata görə, onun həbsi məsələsi də qoyulmuşdu. Moskvada
qalmaq mümkün deyildi, onun bütün ailə üzvlərinə qarşı da çox ciddi
addımlar atılmışdı. Bütün ailə üzvləri tutduqları vəzifələrdən, -
vəzifələr o qədər də böyük vəzifələr deyildi, adi vəzifələr idi, -
çıxarılmışdı. Demək olar ki, sovet hakimiyyətinin repressiya maşınının
nəticələrini biz o vaxt görmüşük və hiss etmişik.
Heydər Əliyev doğma Vətənə üz tutur və Bakıya gəlir. Əfsuslar olsun ki, Bakıda
da ona yaşamağa imkan vermədilər və Naxçıvana - doğulduğu yerə gedib
orada yaşamağa məcbur olur və Azərbaycan xalqı onun ətrafında birləşməyə
başlayır. Azərbaycan xalqı açıq-aydın görürdü ki, bu ağır vəziyyətdən
xalqı ancaq Heydər Əliyev çıxara bilər, xalqı ancaq o xilas edə bilər. Naxçıvanlılar onun ətrafında sıx birləşərək Heydər Əliyevi
Ali Məclisin Sədri vəzifəsinə seçdilər və o, Naxçıvanı işğaldan qorudu.
Çünki o vaxt Ermənistan Naxçıvanı da işğal etmək istəyirdi. Ancaq Heydər Əliyev
buna imkan vermədi. Orada böyük səfərbərlik işləri görülmüşdür,
özünümüdafiə dəstələri yaradılmışdır və Naxçıvanın işğalına imkan
verilməmişdir. Naxçıvanlılar da Heydər Əliyevi qorudular. Çünki o vaxt - 1992-ci ildə hakimiyyəti qanunsuz, dövlət çevrilişi nəticəsində zəbt etmiş AXC-Müsavat hakimiyyəti Heydər Əliyevə
qarşı işlərə başlamışdı və Naxçıvanda da çevriliş etmək fikirləri var
idi. Hətta o vaxt Daxili İşlər Nazirliyinin daxili qoşunlarının bir
dəstəsini Naxçıvana desant göndərmək istəmişlər, naxçıvanlıları, Heydər Əliyevi
hədələmişdilər, ancaq sonra bu çirkin əməllərdən əl çəkməli oldular.
Çünki gördülər ki, onları çox ciddi müqavimət gözləyir və bu, avantüra
onlara çox baha başa gələ bilər və yenə də, - sonra da bunu dəfələrlə
göstərəcəklər, - qorxaqlıq göstərərək öz çirkin niyyətlərindən əl
çəkməli oldular".
Prezident
bildirib ki, Naxçıvan dövrü çox yaddaqalan dövrdür: "Mən o dövrü çox
yaxşı xatırlayıram. Mən dəfələrlə Naxçıvana atamın yanına getmişəm,
onunla bərabər olmuşam. Çox ağır vəziyyətdə Naxçıvanın qorunması,
Naxçıvanın yaşaması üçün çox böyük işlər görülmüşdür. Müstəqilliyimiz
üçün də çox böyük işlər görülmüşdür. Çünki uzun fasilədən - 1920-ci
ildən sonra ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda Heydər Əliyevin təşəbbüsü ilə Ali Məclisin sessiyasında rəsmi dövlət bayrağı kimi təsdiq olundu. Bu, müstəqilliyə gedən yolun başlanğıcı idi.
Azərbaycanda
vəziyyət getdikcə gərginləşirdi, torpaqlarımız erməni işğalı altına
düşürdü. Ovaxtkı AXC-Müsavat hakimiyyəti xalqın ümidlərini doğrulda
bilmədi, öz yarıtmaz, xəyanətkar siyasəti ilə Azərbaycan xalqına,
Azərbaycan dövlətçiliyinə böyük zərbələr vurdu və demək olar ki, ölkəni
idarəolunmaz vəziyyətə gətirdi. Xaos, anarxiya, talançılıq, özbaşınalıq,
siyasi, iqtisadi, hərbi böhran hökm sürürdü, torpaqlarımız işğal altına
düşürdü. Azərbaycanın ovaxtkı iqtidarı isə öz laxlayan hakimiyyətini
qorumaq üçün cinayətlərə, vətəndaş müharibəsinə əl atmışdır. Biz o
günləri, o illəri yaxşı xatırlayırıq. Öz hakimiyyətini saxlamaq üçün
Gəncəni bombalamağa qərar vermişdi və Gəncənin dağılmış binalarının o
mənzərəsi bu gün bizim gözümüzün qabağındadır. Azərbaycan xalqı o
anti-milli hakimiyyətə yox demişdir, cəmi bir il ona dözə bilmişdir və
öz lideri ətrafında birləşmişdir. Hələ 1992-ci ildə Azərbaycanın
qabaqcıl ziyalıları, tanınmış insanlar, ictimai xadimlər Heydər Əliyevə
müraciət edərək partiyanın yaradılması ilə bağlı təkliflər irəli
sürmüşlər və 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan
Partiyasının təsis konfransı keçirilmişdir. Bu da gənc dövlətin siyasi sisteminin yaradılması demək idi. Çünki o günə qədər Azərbaycanda siyasi sistem yox idi, siyasi münasibətlər, ümumiyyətlə, mövcud deyildi. 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyev Bakıya
gəlmişdir. Ovaxtkı AXC-Müsavat hakimiyyəti yenə də qorxaqlıq göstərərək
kənara çəkilmiş, ölkə, demək olar ki, idarəolunmaz vəziyyətə düşmüşdü. O
ağır, çətin vəziyyətdə xalq bu tarixi missiyanı Heydər Əliyevə həvalə etmişdir".
Ölkə
başçısı deyib ki, 1993-cü ildən başlayaraq Azərbaycan bu günə qədər
uğurlu inkişaf yolu ilə gedir: "Baxmayaraq, 1994-cü və 1995-ci illərdə
iki dəfə dövlət çevrilişinə cəhd göstərilmişdir, ancaq Azərbaycan xalqı
imkan vermədi ki, cinayətkar ünsürlər hakimiyyəti bir daha qanunsuz zəbt
etsinlər. Əlbəttə ki, Heydər Əliyevin nüfuzu, onun cəsarəti, onun siyasəti imkan vermədi ki, kimsə hakimiyyəti qanunsuz yollarla zəbt etsin.
Ondan
sonra Azərbaycanda sabitlik dövrü başlamışdır və bu dövr bu gün də
davam edir. Ölkəmiz üçün çox önəmli qərarlar qəbul edilmişdir, siyasi
islahatlara start verilmişdir. Məhz o illərdə bizim inkişafımızla bağlı
strateji seçimlər edilmişdir ki, Azərbaycan müasir, demokratik ölkə kimi
inkişaf etməlidir. İqtisadi islahatlara start verilmiş, bazar
iqtisadiyyatı prinsipləri əsas prinsiplər kimi tətbiq olunmağa
başlamışdır. Azərbaycan beynəlxalq aləmlə münasibətləri qura bilmişdir
və demək olar ki, müstəqilliyimizin ilk illərində mövcud olan beynəlxalq
təcriddən də çıxa bilmişdir. Ölkəmiz üçün lazım olan beynəlxalq
əlaqələr Azərbaycana investisiya cəlb edilməsinə gətirib çıxarmışdır.
1994-cü ildə "Əsrin kontraktı” imzalanmışdır. Bu kontraktın bizim
tariximizdə, iqtisadi inkişafımızda müstəsna rolu vardır. 1995-ci ildə
müstəqil dövlətin Konstitusiyası qəbul edilmişdir. Eyni zamanda, 20 Yanvar
faciəsinə siyasi və hüquqi qiymət verilmişdir. Əfsuslar olsun ki, ondan
əvvəlki hakimiyyət bu məsələyə biganə qalmışdır. Azərbaycan uğurla
inkişaf etməyə başlamışdır. 1993-2003-cü illərdə ölkə qarşısında duran
vəzifələr uğurla icra edilmişdir. Ordu quruculuğu işində böyük addımlar
atılmışdır, uğurlu Horadiz
əməliyyatı keçirilmişdir və torpaqlarımızın bir hissəsi işğalçılardan
azad edilmişdir. Yəni, 10 il ərzində Azərbaycanda dövlət quruculuğu
işində çox böyük addımlar atılmışdır və bu addımlar bu gün bizim uğurlu
siyasətimizi şərtləndirir.
2003-cü ilin oktyabr ayında Heydər Əliyev
xalqa müraciətində görülmüş işlərlə bağlı öz fikirlərini bildirmiş və
əminliyini ifadə etmişdir ki, onun davamçıları onun yolu ilə gedərək,
Azərbaycanı ondan sonra da uğurla idarə edə bilərlər".
Dövlət
başçısı daha sonra qeyd edib: "2003-cü ildə Azərbaycan xalqı mənə böyük
etimad göstərmişdir və o gündən bu günə qədər çalışıram ki, bu etimadı
doğruldum. 2003-cü ildə prezident seçkiləri ərəfəsində söz vermişdim ki,
əgər xalq etimad göstərərsə, Heydər Əliyev siyasəti Azərbaycanda davam etdiriləcəkdir. Fəxr edirəm ki, sözümə əməl etdim və son 15 il ərzində Azərbaycan Heydər Əliyevin
qoyduğu yolla uğurla, inamla gedir. Azərbaycanda sabitlik tam təmin
olunur, sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Biz indi görürük ki,
dünyanın müxtəlif yerlərində vəziyyət gərginləşir, yeni münaqişələr,
qanlı toqquşmalar, vətəndaş müharibələri, çevrilişlər baş verir. Ona
görə baş verir ki, insanlar hakimiyyətdən narazıdırlar. Ona görə baş
verir ki, hakimiyyət lazım olan səviyyədə, düzgün siyasət aparmır,
insanları narahat edən problemləri həll etmir, iqtisadi inkişafı təmin
edə bilmir, böyük pozuntulara yol verir. Azərbaycanda isə sabitliyin
təminatçısı, onun qarantı Azərbaycan xalqıdır və xalq-iqtidar
birliyidir. Bu gün Azərbaycan dünya miqyasında ən sabit və ən uğurla
inkişaf edən ölkələrdən biridir.
Azərbaycan dövləti möhkəm
əsaslar üzərində qurulubdur. Biz son 15 il ərzində milli dəyərlərimizlə
bağlı çox ciddi siyasət aparırıq. Bizim milli dəyərlərimiz, ənənəvi
dəyərlər bizim üçün əsasdır. Çox şadam ki, bu gün gənc nəsil milli ruhda
tərbiyə olunur və milli ləyaqət hissləri güclənir, müstəqillik ən böyük
sərvət kimi cəmiyyət tərəfindən qəbul edilir və dəstəklənir".
Prezident
bildirib ki, Azərbaycan dünya miqyasında dinlərarası, millətlərarası
münasibətlərin tənzimlənməsində nümunəvi ölkəyə çevrilib: "Azərbaycanda
bütün xalqların, bütün dinlərin nümayəndələri Azərbaycan səması altında
bir ailə kimi, sülh, mehribanlıq, dostluq şəraitində yaşayırlar. Bu,
bizim böyük sərvətimizdir və bu, bizim siyasətimizin böyük uğurudur".
Dövlət
başçısı deyib ki, Azərbaycan beynəlxalq aləmdə böyük nüfuza malik olan
bir ölkədir: "Bizim bir çox ölkələrlə bərabərhüquqlu, gözəl, konstruktiv
münasibətlərimiz vardır. Biz prinsipial mövqeyimizdən heç vaxt bir
addım geri atmırıq. Tərəfdaşlarımızla qarşılıqlı maraqlar üzərində
qurduğumuz münasibətlər, düzgün xarici siyasət bizə imkan verir ki, həm
beynəlxalq arenada öz gücümüzü, təsir imkanlarımızı artıraq, eyni
zamanda, daxili problemləri, xüsusilə iqtisadi inkişafla bağlı olan
problemləri həll edək".