Azərbaycanda gömrük nəzarəti həyata keçirilərkən şəxsin soyundurulması zərurəti yarandığı halda videoçəkilişdən istifadəyə yol verilməyəcək.
APA-nın məlumatına görə, bu, Dövlət Gömrük
Komitəsi Kollegiyasının təsdiq etdiyi və bu aydan qüvvəyə minən "Şəxsi
yoxlama aparılması haqqında” Protokolun forması”na edilən
dəyişikliklərdə əksini tapıb.
Protokola əsasən, indiyə qədər şəxsi yoxlama sanitar-gigiyenik tələblərə
cavab verən təcrid olunmuş yerdə, iki həmcins hal-şahidinin iştirakı
ilə eyni cinsdən olan gömrük əməkdaşı tərəfindən aparılmalı idi.
Dəyişikliyə görə, bundan sonra şəxsi yoxlama sanitar-gigiyenik tələblərə
cavab verən təcrid olunmuş yerdə aparılmalıdır və şəxsi yoxlama həyata
keçirilərkən, həmçinin mallar və ya sənədlər götürülərkən
videoçəkilişdən istifadə edilmədikdə, işin nəticəsində maraqlı olmayan
və yetkinlik yaşına çatmış azı 2 hal şahidinin iştirakı məcburidir.
Şəxsi yoxlama və götürmə zamanı şəxsin soyundurulması zərurəti yarandığı
halda videoçəkilişdən istifadəyə yol verilmir. Bu halda şəxsi yoxlama
və götürmə barəsində müvafiq hərəkət aparılan şəxslə eyni cinsdən olan
şəxslərin iştirakı ilə aparılır.
Qeyd edək ki, protokola əsasən, bundan sonra da əşyaları yoxlama iki
nəfər hal şahidinin iştirakı ilə aparılacaq. Başqa fiziki şəxslərin bu
yerlərə daxil olmasına və şəxsi yoxlama aparılmasını müşahidə etməsinə
yol verilmir. Şəxsin bədən üzvlərini yalnız tibb işçisi yoxlamalıdır.
Yoxlanılan şəxslər protokolu imzalamaqdan imtina etdikdə, bu barədə
müvafiq qeydiyyat aparılır. Protokol bir neçə səhifədə tərtib edildikdə,
onun hər bir vərəqi iştirakçılar tərəfindən imzalanır.