ABŞ-da məşhur və geniş
auditoriyaya malik olan ConBatçelor Şou radio verilişi canlı yayımda
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovdan müsahibə alıb.
Azərbaycanın ABŞ-dakı Səfirliyindən XəzərXəbər-ə verilən məlumata görə, müsahibə zamanı müxbir Xəzər dənizi regionunda güclü dövlət olan Azərbaycanın hazırda münaqişədən əziyyət çəkdiyini bildirib, İran və Rusiya ilə həmsərhəd olan Azərbaycanı ABŞ
üçün regionda mövcud olan xəzinə kimi qiymətləndirib. O, Azərbaycanın
dost və tolerant ölkə olduğunu qeyd edib. Azərbaycanın Buş, Obama
administrasiyası ilə yaxşı münasibətlərinin qurulduğunu və hazırda Tramp
administrasiyası ilə davam etdirilidiyini Amerika dinləyicilərinə
xatırladan müxbir Azərbaycanın demokratik müsəlman dövləti olduğunu
vurğulayıb. Son günlərdə nüfuzlu "Washington Times” qəzetində
Azərbacyanın 11 sentyabr terror hadisələrindən sonra ABŞ-a
yardım edən ilk ölkə olmasına dair məqaləyə toxunan aparıcı həmin
məqalənin müəllifi Ceyms Laysonsun dəyərli təhlilini Yaxın Şərqdəki
dolaşıq vəziyyət fonunda Azərbaycanın bu gərginlikdən kənarda qalmasına
işarə edərək təqdir edib.
Aparıcı Obama administrasiyasından Tramp administrasiyasına keçid dövründə Azərbaycanla ABŞ münasibətlərinin cari vəziyyətinə dair səfir Süleymanova sual verib.
Azərbaycanın ABŞ-la
strateji tərəfdaşlığa sadiqliyini vurğulayan məqalədə doğurdan da
maraqlı məqamlara toxunulduğunu bildirən səfir Süleymanov Azərbaycanın
11 sentyabr terror hadisəsinin törədilməsindən bir neçə saat sonra ABŞ-a
terrorçuluqla mübarizədə şərtsiz yardımını təklif etdiyini vurğulayıb.
Baş verən çoxsaylı hadisələr fonunda bu günə qədər yaranmış və gələcəkdə
də inkişaf etdirilməsinə ehtiyac olan strateji tərəfdaşlığın
vacibliyini diqqətə çatdııb. Ümumilikdə ABŞ-la
və hazırda Tramp administrasiyası ilə münasibətləri müsbət
qiymətləndirən diplomat bu münasibətlərin daha da inkişaf etdiriləcəyinə
ümidini ifadə etmiş və iki ölkə arasında bir çox sahələr üzərində iş
getdiyini qeyd edib. Azərbaycanın Dağlıq Qarabağ regionunda
yaradılmış separatçı rejimin "başçısının” qeyri-qanuni yolla əldə
edilmiş viza vasitəsilə son günlərdə Vaşinqtona gəlməsi və onun Konqresin inzibati binasında erməni lobbisinin təşkil etdiyi tədbirdə iştirakına toxunan səfir Süleymanov bu məqamın ABŞ-ın
strateji maraqlarını sarsıtdığını bildirib. Diplomat iki ölkə arasında
olan strateji tərəfdaşlığın vacibliyinin adekvat qiymətləndirilməsinə
ümidini ifadə edib.
Azərbaycanın strateji əhəmiyyətini vurğulayan
müxbir 2017-ci ildə Azərbaycana səfəri zamanı İpək Yolu layihəsinin
dəmir yolu versiyası barədə bir çox məlumatlar eşitdiyinə toxunub.
Azərbaycanda dəmir yollarının mövcudluğu, Şimal-Cənub marşrutunun
olduğunu və perspektivdə Şərq-Qərb marşrutunun olacağını qeyd edən
jurnalist İpək Yolu layihəsinin bundan sonrakı inkişaf dinamikasını
sorğu edib.
Səfir Süleymanov İpək Yolunun ayrılmaz hissəsi olan Bakı-Tbilis-Qars
dəmir yolu layihəsinin regional və qlobal əhəmiyyətini qeyd edərək,
onun 2017-ci ilin 30 oktyabr tarixində açılışının keçirildiyini qeyd
edib. ATƏT çərçivəsində təsis edilmiş İpək Yolu qrupunun bir neçə gün öncə Bakıda
görüşünün keçirilməsini xatırladan diplomat sözügedən görüşdə
Azərbaycanın tranzit rolunun yalnız bölgə üçün deyil, qlobal əhəmiyyəti
və təsirinin müzakirə olunduğunu bildirib. Səfir bunun Asiya və Avropa
arasında çox vacib bağlantı olduğunu diqqətə çatdırıb, İpək Yolunun
tarixi və mədəni köklərə bağlılığı ilə yanaşı, bu layihənin Azərbaycan,
Gürcüstan, Qazaxıstan,
Türkiyə və digər dövlətlər arasında strateji əməkdaşlıq münasibətlərinə
əsaslandığını qeyd edib. O, bölgədə bu tipli inteqrasiya layihələrinin
vacibliyini və ABŞ-ın bu layihələri dəstəkləməsinin əhəmiyyətini vurğulayıb.
Daha sonra, müxbir Cənubi Qafqazın Xəzər
dənizi ilə Qara dəniz arasında körpü roluna istinad edərək, bu bölgədə
dəyişikliklər üçün maliyyə resurslarının vacibliyinə və müəyyən
əleyhdarların olduğuna işarə edərək dəmir yolu layihələrinin
gerçəkləşməsində hər bir tərəfin maraqlı olub-olmadığı barədə sual
ünvanladı. Səfir suala cavab olaraq bildirmişdir ki, maliyyə
resurslarının əhəmiyyətli olmasına baxmayaraq, inkişaf edən və
çiçəklənən bölgə üçün əməkdaşlıq olduqca vacibdir.
Müsahibənin
tam versiyasını
https://audioboom.com/posts/6727102-the-silk-road-promise-of-baku-and-the-south-caucasus-what-is-to-be-done-elinsuleymanov-azerbaijan-ambassador-to-the-us
internet səhifəsindən əldə etmək olar.
Qeyd edək ki, Con Batçelor Şou gündəlik həyatda aktual olan beynəlxalq hərbi, siyasi və iqtisadi mövzulara həsr olunur, ABŞ-da
federal ABC Radio Şəbəkəsinə daxil müxtəlif ştat və şəhərlərdə geniş
çeşidli radio kanallar tərəfindən həm canlı, həm də audio yazısı geniş
yayımlanır. Həftənin hər günü yayımlanan bu şou ABŞ-da milyonlarla dinləyici auditoriyasına malikdir.