"İtaliya ATƏT-ə sədrlik
etdiyi dövrdə təşkilatın hazırda dondurulmuş münaqişələrin həlli
istiqamətində fəaliyyətini gücləndirəcək".
XəzərXəbər "Report"-a istinadən xəbər verir ki, bunu yanvarın 1-dən təşkilata
sədrlik etməyə başlayan İtaliyanın xarici işlər naziri Angelino Alfano
deyib.
O bildirib ki, ATƏT-in Minsk qrupu formatı çərçivəsində 3 həmsədr ölkə-ABŞ, Fransa və Rusiya ilə birlikdə Dağlıq Qarabağ
münaqişəsinin həlli istiqamətində cəhdləri davam etdirəcəklər: "İtaliya
bir sıra mövcud formatlar vasitəsilə uzunsürən münaqişələrin həlli üzrə
ATƏT-in fəaliyyətini gücləndirəcək. ATƏT
məkanında olan münaqişələrin həlli üçün formatlar məlumdur. 2008-ci
ildə Gürcüstanda baş verən münaqişənin nəticələrinin aradan qaldırılması
məqsədilə Cenevrə beynəlxalq müzakirələr formatı yaradılıb. Moldovanın
Dnestryanı bölgəsindəki münaqişənin həlli üçün "5 + 2" formatı
mövcuddur. Həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupu çərçivəsində 3 həmsədr ölkə ilə birlikdə cəhdlərimizi davam etdirəcəyik".