Dünya Bankının
Azərbaycanın sosial müdafiə sistemi ilə bağlı apardığı araşdırmalar
nəticəsində bu sistemin ölkə əhalisinin yoxsul sayıla biləcək hissəsinin
90,1 faizini əhatə etdiyi və yoxsulluğun azaldılmasında mühüm rol
oynadığı müəyyən olunub.
Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim
Müslümov "Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirib.
Nazir
qeyd edib ki, 2017-ci ilin 9 ayında bu sistem vasitəsilə 1 milyon 330
min nəfər əmək pensiyası, 451 min nəfər aylıq və birdəfəlik sosial
müavinət, 59,3 min nəfər Azərbaycan Respublikası Prezidentinin
təqaüdü, 97 min ailənin 400 min nəfər üzvü ünvanlı dövlət sosial
yardımı, 16,3 min nəfərdən çox şəxs sosial xidmətlərlə təmin edilib.
Göründüyü kimi, 2,3 milyona yaxın insan sosial müdafiə sistemi ilə əhatə olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu vasitəsilə hər ay bu istiqamətlər üzrə 326 milyon manatdan çox vəsait yönəldilir.